...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin beynəlxalq festivalı keçiriləcək

Siyasət Materials 24 Avqust 2006 12:49 (UTC +04:00)
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin beynəlxalq festivalı keçiriləcək

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin tapşırığı və şəxsi təşəbbüsü ilə avqustun 24-dən 26-dək bu ölkənin Aktau şəhərində "Xəzər dostluq dənizidir" adlı beynəlxalq festival keçiriləcək. Bu barədə Trend agentliyinə eksklüziv olaraq Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Qazaxıstana ezam olunmuş nümayəndəsi Füzuli Nəcəfov məlumat verib.

O bildirib ki, avqustun 24-də saat 18.00-da beynəlxalq festivalın açılış mərasimi olacaq. Festivalda Xəzəryanı ölkələr - Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiya iştirak edir. F.Nəcəfovun sözlərinə görə, festivala beş ölkədən 700-dən artıq qonaq dəvət olunub. Üçgünlük beynəlxalq festivalda müxtəlif tədbirlər, mədəni proqramlar, idman yarışları, seminar və konfranslar təşkil olunacaq.

Əvvəlcə açılış münasibəti ilə karnaval keçiriləcək. Sonra mini futbol və çimərlik voleybolu üzrə yarışlar təşkil olunacaq. Həmçinin festival iştirakçıları üçün konsert proqramları nümayiş etdiriləcək. Növbəti gün "Xəzər Humanitar Forumu" adlı konfrans keçiriləcək. Bu tədbirdən sonra iqtisadi sərgi təşkil olunacaq. Daha sonra xalq çalğı alətləri üzrə konkurs keçiriləcək, vokal və xoreoqrafiya üzrə ifaçılar çıxış edəcəklər.

Festival çərçivəsində "Xəzərə baxış" adlı fotosərgi də keçiriləcək. Həmçinin bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub. Mədəni tədbirlərdən sonra "Xəzəryanı ölkələrin iqtisadi inteqrasiyası" adlı beynəlxalq seminar keçiriləcək. Bu mövzunun müzakirəsi "Xəzərdə beynəlxalq dəniz turizmi" adlı digər bir seminarda davam etidriləcək.

Festival çərçivəsində Xəzəryanı ölkələrin milli oyunlarının nümayişi, həvəskarların yarışı keçiriləcək. Bundan başqa Qazaxıstanda yaşayan digər xalqların diasporlarının hazırladığı xüsusi proqramlar nümayiş etdiriləcək. Bu proqrama ayrı-ayrı diasporların konsertləri, özlərinə məxsus mədəniyyət, incəsənət nümunələrinin nümayiş etdirilməsi daxildir. Avqustun 26-da axşam saat 21.00-da festivalın təntənəli şəkildə bağlanış mərasimi keçiriləcək. Festival iştirakçılarına, yarışların qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Füzuli Nəcəfov bildirib ki, Azərbaycan Respublikası və Qazaxıstanda yaşayan Azərbaycan diasporu bu festivala fəal şəkildə qoşulub. Belə ki, festival müddətində diasporumuzun konsert proqramı, rəssamlarımızın əsərlərindən ibarət rəsm və foto sərgilər təşkil olunacaq. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və yardımı ilə 50 dəst milli rəqs geyimi Aktauya aparılıb. Azərbaycanın milli rəqsləri, musiqisi və digər mədəniyyət, incəsənət nümunələri festival müddətində nümayiş etdiriləcək. F.Nəcəfov onu da bildirib ki, rəsmi rəqəmlərə görə, Qazaxıstanda 130 mindən çox azərbaycanlı yaşayır, onların 8 mindən artığı beynəlxalq festivalın keçirildiyi Aktau şəhərinin sakinləridir.

Dövlət Komitəsinin nümayəndəsi Aktauda bir sıra görüşlər keçirəcəyini, beynəlxalq festivalın Təşkilat Komitəsinin sədri ilə müzakirələr aparacağını da deyib.

Xəbər lenti

Xəbər lenti