Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov avqustun 30-dan sentyabrın 2-dək Latviyada Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosiasiyasının 15 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib. Trend in məlumatına görə, bu barədə jurnalistlərə MSK sədri Məzahir Pənahov açıqlama verib.
O bildirib ki, Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosiasiyası 1991-ci ildə yaradılıb, mərkəzi qərargahı Budapeşt şəhərində yerləşir. Bu qurumun vəzifəsi Şərqi Avropa ölkələrinin seçki sistemlərini təkmilləşdirmək, beynəlxalq standartlara uyğunlaşdırmaq, seçki sahəsində ölkələrarası əməkdaşlıq yaratmaqdır. Assosiasiyada 22 üzv dövlət və İFES təmsil olunur. Azərbaycanın MSK-sı da bu qurumun fəal üzvüdür.
M.Pənahovun sözlərinə görə, Assosiasiyasının yaranmasının 15 illiyinə həsr olunmuş üçgünlük konfransda quruma daxil olmayan bir çox dövlətlərin, ABŞ, Kanada, Avstraliya, Əfqanıstan və başqa ölkələrin, həmçinin Avropa Şurası, ATƏT kimi beynəlxalq təşkilatların rəsmi nümayəndələri də iştirak ediblər. Konfrans dövründə seçki sisteminə dair sərgi təşkil olunub, orada yüksək texnologiyalarla hazırlanmış müasir seçki avadanlıqları, müxtəlif variantlarda olan seçki növləri nümayiş etdirilib. Konfransda həmçinin qurumun adı dəyişdirilərək Avropa Seçki Rəsmiləri Assosiasiyası adlandırılıb. M.Pənahovun sözlərinə görə, bundan sonra Assosiasiyaya Qərbi Avropa ölkələri də qoşula bilərlər. Assosiasiyanın gələn il Strasburqda illik konfransının keçirilməsi qərara alınıb.
M.Pənahovun sözlərinə görə, o, bu beynəlxalq konfransda çıxış edərək Azərbaycanda son illərdə keçirilmiş seçkilər, tətbiq olunan yeni üsullar, "exit-poll"ların təşkili, yerli və beynəlxalq müşahidəçilik institutunun fəaliyyəti barədə danışıb. Onun dediyinə görə, konfrans iştirakçıları olan xarici nümayəndələr Azərbaycanda "exit-poll"ların nəticələri ilə rəsmi nəticələrin üst-üstə düşməsini müsbət hal kimi qarşılayıblar.