...

Ukraynanın baş naziri "Odessa- Brodı" kəmərini Polşaya qədər uzatmağın zəruri olduğunu hesab edir

Siyasət Materials 6 Sentyabr 2006 15:33 (UTC +04:00)

Avropa istehlakçılarına xammalın çatdırılması imkanları baxımından bu gün "Odessa-Brodı" neft kəmərinin Polşanın Plotsk şəhərinədək üzadılması zəruridir. Trend in Kiyevdəki müxbirinin xəbər verdiyi kimi, bunu polyak jurnalistlərinə müsahibəsində baş nazir Viktor Yanukoviç bəyan edib.

"Neft kəməri (Odessa-Brodı) enerji xammalının Avropaya çatdırılmasının diversifikasiya üsuludur", - deyə V. Yanukoviç qeyd edib.

"Nə üçün, siyasi deklarasiyalara baxmayaraq, boru kəməri reversiv istiqamətdə istifadə olunur" sualına cavab verərkən V. Yanukoviç bildirib: "Mən tərəfdaşlarımızdan heç birini təqsirləndirmək istəməzdim, amma, nəticədə, neft kəməri boş qalmamalıdır".

"Jeç Pospolita" qəzetinin yazdığına görə, Ukraynanın baş naziri deyib: "Odessa-Brodı"nın reversiv adlanan rejimdə işləməsi Ukraynanın xeyrinədir. Bu, neft kəmərinin Polşa hissəsinin tikintisi başa çatmayınca və hansı neftlə kəmərin doldurulması məsələsi həll olmayınca, davam edəcək. Yadda saxlamaq lazımdır ki, "Odessa-Brodı" neft tədarükünün diversifikasiyasını təmin etmək məqsədi ilə tikilmişdir. Amma biz çox vaxt itirməmişik və səhvi düzəltmək zamanı çatıb".

Polşa Mətbuat Agentliyinin (PMA) yaydığı məlumata görə isə, V. Yanukoviç bildirib: "Odessa-Brodı"nın uzadılması layihəsi həm Ukraynaya, həm də Avropaya enerji tədarükünü diversifikasiya etməyə imkan yaradacaq. Hesab edirəm ki, bu, ölkələrimizin iqtisadi maraqlarını birləşdirəcək". PMA qeyd edir ki, Ukraynanın baş naziri bu layihəni Ukrayna və Polşanın maraqlarını özündə birləşdirən vacib iqtisadi layihə adlandırıb.

"Siyasi iradədən başqa, praktiki fəaliyyət də lazımdır. Neft tədarükçüləri və istehlakçıları üçün müvafiq şəraiti yaratsaq, bu layihə gerçəkləşər və bu məsələni siyasiləşdirmək lazım deyil", - deyə V. Yanukoviç qeyd edib.

Bu gün, sentyabrın 6-da Ukraynanın baş naziri Viktor Yanukoviç Polşa Respublikasında işgüzar səfərdədir. Səfər zamanı V. Yanukoviç Polşa Respublikasının Nazirlər Şurasının sədri Yaroslav Kaçinski ilə ikitərəfli danışıqlar aparacaq. Enerji təhlükəsizliyi danışıqların əsas müzakirə mövzularındandır.

Xəbər lenti

Xəbər lenti