2006-cı ilin yanvarından bəri Azərbaycanla yalnız İran İslam Respublikası (İİR) və Rusiya Federasiyası (RF) arasında məhkumlar dəyişdirilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin şöbə rəisi Rafiq Ramazanov məlumat verib.
"Cari ilin fevral ayında 18 iranlı məhkum İİR-ə verilib və orada cəza çəkən 1 nəfər azərbaycanlı məhkum ölkəmizə gətirilib. Aprel ayında 8, iyul ayında isə 2 rusiyalı məhkum RF-yə verilib və 8 azərbaycanlı məhkum həmin ölkədən Azərbaycana gətirilib. Sentyabr ayının birinci yarısında isə 20 azərbaycanlı məhkum RF-dən Azərbaycana göndərilib" - deyə R.Ramazanov bildirib.
Azərbaycanın cəzaçəkmə müəssisələrində cəza çəkən əcnəbi ölkə vətəndaşları və ümumiyyətlə vətəndaşlığı olmayan məhkumların ümumi sayı 399 nəfərdir.