...

VHP bələdiyyə seçkilərində 100-dən artıq bitərəf namizədi dəstəkləyir

Siyasət Materials 9 Sentyabr 2006 14:27 (UTC +04:00)

Müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında rayon təşkilatlarının Məşvərət Məclisinin növbəti toplantısı keçirilib. Bu barədə Trend ə VHP-dən məlumat verilib.

Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, partiyadaxili məsələlər, qurultaya və bu il oktyabrın 6-da keçiriləcək təkrar bələdiyyə seçkilərinə hazırlıq və digər məsələlər müzakirə edilib. VHP-nin Məşvərət Məclisinin sədri və Nərimanov rayon təşkilatının rəhbəri Şəmsəddin Mirzəxanlı bələdiyyə seçkilərinə və partiyanın qurultayına hazırlıq işləri barədə məlumat verib. Onun sözlərinə görə, avqust ayı ərzində VHP-yə üzv olmaq üçün partiyanın Bakı təşkilatlarına 500-dən artıq vətəndaş müraciət edib.

VHP Hüquq və Qanunvericilik Komissiyasının katibi, Nizami rayon təşktlatının sədri Məhəmməd Qadaşlı təkrar bələdiyyə seçkiləri, təbliğat-təşviqat kampaniyasının aparılması və qanunvericilikdə nəzərdə tutulan digər qaydalar haqqında toplantı iştirakçılarına məlumat verib. Qeyd edib ki, VHP bələdiyyə seçkilərində 23 nəfər namizədlə iştirak edir və bir sıra seçki dairələrində isə 100-dən artıq bitərəf namizədi dəstəkləyir. Qadaşlı bildirib ki, ayın sonuna kimi seçkidə müşahidəcilik aparacaq partiya üzvlərinin siyahıları müvafiq DSK-lara təqdim olunacaq. Digər rayon tşkilatlarının sədrləri də seçkiyə hazırlıq işləri, bələdiyyə üzvlüyünə namizədlərin keçirdikləri görüşlər barədə danışıblar.

Toplantıda həmçinin Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı

Venesiya Komissiyasının irəli sürdüyü təkliflər və hakimiyyət rəsmilərinin bu yöndə açıqlamaları müzakirə edilib. Toplantı iştirakçıları ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı bəyanat qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti