Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov partiyanın təmsil olunduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) oktyabr ayında keçiriləcək toplantısında iştirak edəcək. Bu barədə Trend ə Etibar Məmmədov özü məlumat verib.
O qeyd edib ki, DBİ-nin bu il oktyabr ayında iki toplantısı keçiriləcək. Onlardan biri Sidney, digəri London şəhərlərində olacaq. E.Məmmədov iclaslardan birində iştirak edəcəyini deyib: "Ancaq hansı toplantıda iştirak edəcəyimi hələlik müəyyən etməmişəm. Beynəlxalq Demokrat İttifaqının yığıncağında biz Güney Azərbaycanın problemlərinin müzakirəyə çıxarılmasını istəyirik. Buna görə də həmin toplantının gündəliyinə Güney Azərbaycan məsələsinin salınmasına çalışacağıq" - deyə E.Məmmədov qeyd edib.
Xatırladaq ki, 1992-ci ildə yaradılmış AMİP Azərbaycanda dövlət qeydiyyatından keçmiş ilk partyadır. Azərbaycandan yalnız AMİP Beynəlxalq Demokrat İttifaqının üzvü, Etibar Məmmədov isə BDİ-nin sədr müavinidir. E.Məmmədov müxalifəti təmsil edən Milli İstiqlal Partiyasının təsisçisi və 2005-ci ilə qədər sədri olub, hazırda partiyanın lideri statusunu daşıyır. 2005-ci ildə keçirilmiş növbədənkənar qurultayda sədr müavini Əli Əliyev AMİP-in sədri seçilib. Sonradan partiyadaxili qalmaqallar nəticəsində 2006-cı ilin yanvarında yenidən qurultay çağırılıb və Ə.Əliyev sədrlikdən uzaqlaşdırılıb, Ayaz Rüstəmov AMİP-in sədri seçilib.