GUAM dövlətlərinin ərazisindəki uzunsürən münaqişələrin BMT Baş Assambleyasının 61-ci sessiyasının gündəliyinə salınması müəyyən effekt verə bilər. Bu barədə Trend ə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
Qeyd edək ki, sentyabrın 14-də GUAM dövlətlərinin ərazisində uzunsürən münaqişələr BMT Baş Assambleyasının 61-ci sessiyasının gündəliyinə salınıb. Sentyabrın 13-də Assambleyanın Baş Komitəsi GUAM-ın xahişini qəbul etməmişdi. Bu bəndin gündəliyə daxil edilməsinin lehinə Türkiyə, Estoniya, Latviya, Litva, BÖyük Britaniya və ABŞ da daxil olmaqla 16 ölkə, əleyhinə isə 15 ölkə (Rusiya, Əlcəzair, Yunanıstan, İndoneziya, Cənubi Afrika və Ermənistan) səs verib. 65 dövlət bitərəf qalıb, 96 nümayəndə heyəti isə səsvermədə iştirak etməyib.
Onu da bildirək ki, GUAM ölkələri Dağlıq Qarabağ, gürcü-osetin, gürcü-abxaz və Dnestryanı münaqişələrin nizamlanmasında beynəlxalq vasitəçiliyin heç bir nəticə vermədiyini bildirərək, bu məsələyə BMT Baş Assambleyası tərəfindən baxılmasında israr edir.
B.Muradova qeyd edib ki, təkcə Dağlıq Qarabağ məsələsinin yox, GUAM dövlətləri ərazilərindəki münaqişələrin BMT Baş Assambleyasının sessiyasında müzakirəyə çıxarılması dünyanın diqqətinə səbəb olacaq. Vitse-spiker bildirib ki, münaqişələrin həlli ilə bağlı ayrı-ayrılıqda göstərilən səylər istənilən effekti verməyib: "Bu, nəzərə alınaraq GUAM ölkələrinin birgə səyi nəticəsində münaqişəli məsələlərin BMT kimi nüfuzlu təşkilatın Baş Assambleyasının müzakirəsinə çıxarlımasını müsbət qarşılamaq lazımdır".