...

Rusiya politoloqu: Robert Koçaryanın "Ermənistan -diaspora" forumundakı bəyanatı erməni ictimaiyyəti və diasporu üçün nəzərdə tutulub

Siyasət Materials 19 Sentyabr 2006 13:26 (UTC +04:00)
Rusiya politoloqu: Robert Koçaryanın "Ermənistan -diaspora" forumundakı bəyanatı erməni ictimaiyyəti və diasporu üçün nəzərdə tutulub

Ermənistan prezidenti Robert Koçaryanın "Ermənistan-diaspora" forumunda son bəyanatları, hər şeydən əvvəl, erməni ictimaiyyəti, erməni diasporu üçün nəzərdə tutulub. Bu barədə politoloq, Rusiyanın "Kommersant" qəzetinin baş redaktor müavini Azər Mürsəliyev Trend ə eksklüziv olaraq məlumat verib.

"O, sadəcə olaraq özünü vətənpərvər, hər zaman milli maraqları müdafiə edən bir insan kimi göstərir. Məlumdur ki, Ermənistanda hazırda kifayət qədər mürəkkəb siyasi vəziyyət mövcuddur. Robert Koçaryanın hakimiyyəti əlində saxlayacağı fakt deyil. Və hakimiyyət uğrunda mübarizə başladıqda, özünü sarsılmaz, yenilməz, davamlı şəxs kimi qələmə vermək lazımdır. Düşünürəm ki, həmin bəyanatlar, hər şeydən əvvəl, daxili auditoriya üçün nəzərdə tutulub. Həm də diaspor ilə görüşdə deyilib", - deyə o bildirib və əlavə edib ki, "məhz diasporun simpatiyasını daha da çox qazanmaq üçün Koçaryan həmin bəyanatlarla nümayiş etdirir ki, yalnız o, öz ölkəsinin milli maraqlarını qorumağa qadirdir".

Dnestryanıda keçirilmiş referendumun nəticələrinə dair suala cavab verərkən A.Mürsəliyev bildirib ki, səsvermə qondarma törəmənin əhalisinin həmrəyliyini nümayiş etdirib. "Digər tərəfdən referendum özü-özlüyündə - münaqişənin digər tərəfinə təzyiq göstərmək üçün vasitədir. Burada heç bir hüquqi nəticə yoxdur. Əvvəldən heç olmasa bir az ləyaqəti olan beynəlxalq təşkilatlar referendumun qanunsuz olduğunu bildirdilər. Əslində, bu, bir tamaşadır və sadəcə olaraq özünü xatırlatmaq üçün vasitədir. Cənubi Osetiyadakı analoji referendum da təxminən elə bu cür sxemdə və elə həmin nəticə ilə də keçiriləcək. Yeri gəlmişkən, Abxaziya bu cür referendumu keçirməkdən imtina edib", - deyə o əlavə edib.

Dağlıq Qarabağa gəlincə isə, politoloq qeyd edib ki, orada artıq bir neçə dəfə müxtəlif referendumlar keçirilib. "Bunlar hamısı hüquqi nöqteyi-nəzərdən çox əhəmiyyətsizdir. Əgər referendumun keçirilməsi tanınırsa, orada BMT-dən başlamış Avropa Şurasına qədər konkret təşkilatların nümayəndələri, müşahidəçilər iştirak edirsə, istənilən referendum qəbul olunur. Bir neçə insanın, əcnəbilərin şəxsi təşəbbüsü və ya kiminsə xahişi ilə qondarma yerə gəlməsi isə referendumun hüquqi nəticələrinin ciddiliyindən xəbər verə bilməz", - deyə politoloq vurğulayıb.

Xəbər lenti

Xəbər lenti