Milli Məclisdə fəaliyyət göstərən şöbələr ləğv olunmalıdır. Trend xəbər verir ki, bu barədə Milli Məclisin dövlət quruculuğu və hüquqi siyasət məsələləri daimi komissiyasının üzvü Qüdrət Həsənquliyev bildirib.
Millət vəkili bildirib ki, o, hər hansı bir qanun layihəsinin hazırlanması ilə bağlı işçi qrupunun toplantısına dəvət olunmayıb: "Çox təəssüflər olsun ki, Milli Məclisdə bu iş, yəni qanun layihələrinin hazırlanması komissiyalardan çox, şöbələrdə aparılır. Vaxtilə məsələ qaldırmışdıq ki, ümumiyyətlə şöbələr ləğv edilsin, komissiyalar birləşdirilsin. Milli Məclisdə şöbələr olmamalıdır. Milli Məclisdə müvafiq komissiyalar olmalıdır. Şöbələrin işçiləri həmin komissiyaların tərkibində ekspertlər kimi fəaliyyət göstərməlidirlər".
Q.Həsənquliyev qeyd edib ki, Milli Məclisdə qanun layihələri şöbələrdə hazırlanıb komissiyaların müzakirəsinə verilir. Millət vəkili qeyd edib ki, bu məsələdə obyektiv səbəblər də var: "Bu da onunla bağlıdır ki, deputatların köməkçiləri yoxdur, deputatlarda vaxt imkansızlığı yaranır. Hər gün deputatlara onlarla məktub gəlir. Onlarla tanış olmağa vaxt çatmır".