...

YAP-ın 4000 müşahidəçisi bələdiyyə seçkilərini izləyəcək

Siyasət Materials 25 Sentyabr 2006 12:14 (UTC +04:00)

Trend-i buradan izləyin

Oktyabrın 6-da bələdiyyələrə keçiriləcək əlavə, yeni və təkrar seçkiləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) 4000 müşahidəçisi izləyəcək. Bu barədə Trend ə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

H.Paşayev onu da qeyd edib ki, bələdiyyə seçkiləri keçiriləcək bütün məntəqələrdə namizədi olan YAP seçki prosesinə hazırlıq işlərini başa çatdırıb: "Təbliğat-təşviqat işlərini yekunlaşdırmaq üzrəyik. Partiya bələdiyyə seçkiləri ilə bağlı keçirdiyi zona müşavirələrində prosesə hazırlıq işlərini bir daha müzakirə edib". YAP rəsmisi onu da vurğulayıb ki, YAP-ın Mərkəzi Aparatının baş məsləhətçisi Zeynal Ağayev Mərkəzi Seçki Komissiyasında (MSK) keçirilən iclaslarda xüsusi müşahidəçi statusu alıb.

H.Paşayev onu da qeyd edib ki, partiyanın respublika üzrə 70 müşahidəçisi seçkiləri müşahidə edəcək: "Hər seçki məntəqəsində isə partiyanın və seçkilərdə iştirak edən namizədin nümayəndəsi seçkiləri izləyəcək. Onların sayı isə 4 mindir".

Xatırladaq ki, YAP-ın ilk təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilib. Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev partiya sədri seçilib. 1995-ci ildə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti YAP üzvü olduğundan iqtidar partiyasına çevrilib. 2000-ci ildə Milli Məclisə keçirilən seçkilərdə YAP yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutub. 2005-ci il parlament seçkilərində də partiya növbəti qələbəsinə imza atıb. Hazırda partiyanın sədri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir. Partiyanın 500 mindən çox üzvü var.

Xəbər lenti

Xəbər lenti