...

Yanvarda Ukraynada yaşayan Azərbaycan və yəhudi diasporlarının birgə forumu keçiriləcək

Siyasət Materials 28 Sentyabr 2006 15:00 (UTC +04:00)
Yanvarda Ukraynada yaşayan Azərbaycan və yəhudi diasporlarının birgə forumu keçiriləcək

Ukraynada yaşayan Azərbaycan və yəhudi diasporlarının birgə forumunun keçirilməsi qərara alınıb. Bu barədə Trend ə Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Oqtay Əfəndiyev məlumat verib.

O bildirib ki, Ukraynanın Babi Yar adlanan ərazisində yəhudi soyqırımına həsr olunmuş memorial kompeksin açılışında, həmçinin bundan sonra keçirilən tədbirin rəsmi hissəsində Azərbaycan və yəhudi diaspor nümayəndələri də iştirak ediblər. Qeyd edək ki, həmin mərasimdə Ukrayna prezidenti Viktor Yuşenko, baş nazir Viktor Yanukoviç, Ali Radanın sədri, Kiyev şəhərinin meri, nazirlər və digər rəsmi şəxslər, həmçinin qonaq qismində İsrail, Çernoqoriya, Xorvatiya respublikalarının prezidentləri, bir çox dövlətlərin rəsmi nümayəndələri, o cümlədən Azərbaycan Respublikasından Milli Məclisin spikeri Oqtay Əsədov iştirak ediblər.

Ukraynadakı Azərbaycan diasporunun nümayəndələrinin, UAK-ın sədri Oqtay Əfəndiyevin, həmçinin Ukraynadakı yəhudi icmasının da qatıldığı toplantıda soyqırım barədə geniş məlumat verilib, Babi Yar faciəsinin qurbanlarının xatirəsi yad edilib. Ukrayna, İsrail, Çernoqoriya, Xorvatiya respublikalarının prezidentləri, həmçinin Azərbaycan parlamentinin sədri çıxış edib, dünyadakı soyqırım ənənəsini, belə faciələrin törədilməsini pisləyiblər.

41 ölkənin rəsmi nümayəndələrinin iştirakı ilə keçən mərasimdən sonra Azərbaycan və yəhudi icmaları arasında danışıqlar aparılıb. UAK sədri Oqtay Əfəndiyev və Ümumukrayna Yəhudilər Konqresinin sədri İlya Levitas arasında iki diasporun birgə tədbirinin keçirilməsinə dair razılıq əldə olunub.

"Biz Ümumukrayna Yəhudilər Konqresinin sədri İlya Levitasla belə bir qərara gəldik ki, Ukraynada Azərbaycan və yəhudi diasporlarının birgə forumunu keçirək. Bununla bağlı yaxın vaxtlarda təşkilat komitəsinin yaradılması barədə razılığa gəldik. Azərbaycan xalqı çox dəhşətli soyqırımlara məruz qalmış yəhudi xalqı ilə həmrəydir və onların dərdlərini bölüşür. Çünki Azərbaycan xalqı da XX əsrdə iki dəfə ermənilər tərəfindən soyqarıma məruz qalıb və ermənilərin təcavüzü bu gün də davam edir. 1918-ci ildə Azərbaycanın müxtəlif şəhərlərində erməni daşnakları tərəfindən dinc insanlara qarşı dəhşətli soyqırım törədilib. Həmçinin 1992-ci il 26 fevralda Xocalıda bir gecədə analoqu olmayan soyqırım törədildi. Belə soyqırımlara məruz qalan Azərbaycan və yəhudi xalqlarının bir-birinə bənzər faciələri var. Ona görə də biz bir-birimizi daha yaxşı başa düşürük"-deyə O.Əfəndiyev vurğulayıb.

UAK sədri əlavə edib ki, birgə forumun keçirilməsi Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovla görüşdə onun da diqqətinə çatdırılıb. O.Əsədovun sözlərinə görə, spiker bu təşəbbüsü dəstəkləyib və həmin forumda Azərbaycanın rəsmi dairələrindən nümayəndələrin, parlamentdən deputat qrupunun da iştirak edəcəyinə vəd verib.

"Bu forum Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir tribuna olacaq. Həm də dünyada ən güclü lobbi sayılan yəhudi icması ilə bizim həmrəy olaraq birgə tədbir keçirməyimiz bizə düşmən olan ermənilərə də bir zərbədir"-deyə O.Əfəndiyev vurğulayıb. O, qeyd edib ki, Azərbaycan və yəhudi icmasının birgə forumunun gələn il yanvar ayının birinci ongünlüyündə Kiyevdə keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti