...

İKT Gənclər Forumu Avropa və Asiyanın gənc liderləri üçün düşərgə təşkil edir

Siyasət Materials 5 Oktyabr 2006 17:55 (UTC +04:00)

Dekabrın 12-22-də Antalyada (Türkiyə) Avropa, İslam Konfransı Təşkilatı (İKT) ölkələri və İKT-yə üzv olmayan Asiya ölkələri gənclərinin iştirakı ilə düşərgə təşkil olunacaq. İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərovun Trend ə verdiyi məlumata görə, tədbir "Sivilizasiyalararası Alyans" adı altında Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatı (İSESKO), Avropa Şurası və BMT-nin dəstəyi ilə keçiriləcək. Azərbaycandan 1 namizəd seçiləcək.

Düşərgədə olacaqları 8 gün ərzində gənc liderlərə mühazirələr oxunacaq və bundan sonra onlar sivilizasiyalararası alyansın yaradılması məsələsi üzrə öz layihələrini hazırlayacaqlar.

Sonuncu 2 gün ərzində konfrans keçiriləcək. Konfrans zamanı düşərgə iştirakçıları Avropa və Asiyanın sivilizasiyalararası proseslərə təsir etmək iqtidarında olan nüfuzlu şəxsləri ilə görüşəcəklər. Görüş iştirakçıları bəyannamə qəbul edəcəklər. Sənəd sivilizasiyalararası dialoq üzrə təşkilatın əsas Xartiyası olması üçün BMT-yə təqdim olunacaq. Bu təşkilat, həmçinin BMT-nin sivilizasiyalarası dialoq üzrə alyansı üçün tərəfdaş şəbəkə olacaq.

E. İsgəndərov xatırladıb ki, sivilizasiyalararası alyans uğrunda gənclər təşəbbüsünün yaradılması ideyasını Türkiyə və İspaniyanın baş nazirləri Rəcəb Təyyub Ərdoğan və Xose Luis Rodriqes Sapatero irəli sürüblər. Həmin təşəbbüsün idarə heyəti bir neçə görüş keçirib. İdarə heyətinin tərkibinə Dünya Mədəniyyəti Fondunun prezidenti Federiko Mayor, Heydər Əliyev adına Fondun prezidenti Mehriban Əliyeva, Türkiyənin dövlət naziri Mehmet Aydın daxildir.

Xəbər lenti

Xəbər lenti