...

Rumıniya Azərbaycanın Avropa və Avroatlantika qurumlarına daxil olmaq cəhdini dəstəkləyir – "Trend"in Rumıniya prezidenti ilə eksklüziv müsahibəsi

Siyasət Materials 11 Oktyabr 2006 16:00 (UTC +04:00)
Rumıniya Azərbaycanın Avropa və  Avroatlantika qurumlarına daxil olmaq cəhdini dəstəkləyir – "Trend"in Rumıniya prezidenti ilə eksklüziv müsahibəsi

Rumıniya prezidenti Trayan Baseskunun oktyabrın 11-12-də Azərbaycana rəsmi səfəri ərəfəsində Trend ə eksklüziv müsahibəsi

- Azərbaycana rəsmi səfəriniz zamanı hansı başlıca məsələləri müzakirə etməyi nəzərdə tutursunuz? Hansı məsələlər prioritet hesab olunur?

- Azərbaycan prezidenti ilə görüş zamanı mən ikitərəfli münasibətlərin hazırki səviyyəsini təhlil etmək və gələcəkdə Rumıniyanın AB-yə daxil olmasından irəli gələn əməkdaşlığın möhkəmləndirilməsi imkanını müzakirə etmək istərdim. İqtisadi sektor, eləcə də ölkələrimiz arasında ticari balansa nail olmaq bu nöqteyi-nəzərdən mənim üçün prioritet hesab olunur. Hesab edirəm ki, biz əsasən rumın mebeli və Azərbaycan neftindən ibarət olan ticari mübadilə ilə məhdudlaşmamalıyıq, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə sıx əməkdaşlıq etməliyik. Biz hesab edirik ki, Azərbaycan və Rumıniya arasında gələcək əməkdaşlıq enerji sektoru, sənaye, kənd təsərrüfatı, tikinti və nəqliyyat da daxil olmaqla, müxtəlif sahələrdə sıx əlaqələrə əsaslanmalıdır.
Birgə iqtisadi komissiyanın ikinci görüşünün mənim Azərbaycana rəsmi səfərimə qədər Bakıda keçirilməsi planlaşdırılır. Hesab edirəm ki, həmin görüş gələcəkdə biznes sahəsində ikitərəfli əməkdaşlığın möhkəmlənməsini nəzərdə tutan fəaliyyət planının qəbul olunması üçün yaxşı imkan olacaq və mən nəticələri səbirsizliklə gözləyirəm.

- Azərbaycan və Rumıniya arasında imzalanmaq üçün hansı sənədlər hazırlanır?

- İlk növbədə biz Azərbaycan prezidenti ilə birgə Siyasi Bəyannaməni imzalayacağıq və bununla da ikitərəfli əməkdaşlığı gücləndirmək istəyimizi bir daha təsdiq edəcəyik.
Rəsmi səfərim zamanı imzalanması planlaşdırılan digər ikitərəfli sənədlər mədəni və iqtisadi əməkdaşlıq, kiçik və orta biznes müəssisələrinə investisiyaların təşviqi və mühafizəsi kimi müxtəlif sahələrə aiddir.

- Müasir Avropa siyasətində, eləcə də qitənin enerji təhlükəsizliyi məsələlərində Rumıniya Azərbaycanın rolunu necə görür? Rumıniya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünə riayət olunması üzrə yeni təşəbbüslə çıxış edə bilərmi?

- Rumıniya inkişaf etmiş özəl sektoru olan, yaxşı işləyən bazar iqtisadiyyatına malik ölkədir, dənizdə və quruda neft-qaz yataqlarının istismarında, neft emalında, həmçinin maşınqayırma, toxuculuq, qida sənayesi, kənd təsərrüfatı, tikinti və nəqliyyat sahələrində Azərbaycanla əməkdaşlıq üçün potensialı var.
Rumıniya, neft və qaz idxalçısı kimi, eləcə də bölgədə və Avropada enerji təhlükəsizliyinə yardım edən ölkə kimi, enerjiyə artan tələbatı, həmçinin məhdud və bərpa olunmamaq xüsusiyyətini nəzərə alaraq karbohidrogenlər üçün yeni idxal mənbələrinin və alternativ nəqliyyat yollarının aşkar edilməsində maraqlıdır. Rumıniya hesab edir ki, Nabucco qaz kəməri və PEOP (Konstanta-Triyest) neft kəməri səmərəli qiymətləri olan alternativ həlldir və Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verə bilər. Rumıniya Rusiya Federasiyası, Şimal dənizi və Şimali Afrikada mövcud olanlardan başqa dördüncü mənbə olaraq, Avropaya qaz idxalı mənbələrinin uzunmüddətli diversifikasiyasına öz töhfəsini verəcək Nabucco qaz kəməri layihəsinə xüsusi diqqət ayırır. PEOP layihəsinə gəlincə, bu, yalnız neftin Xəzər bölgəsindən Qərbi Avropaya ixracı üçün birbaşa yol deyil, o, həm də çoxsaylı neft istehlakçıları və istehsalçılarını ehtiyatlarla təmin etməyə imkan verəcək.
Dağlıq Qarabağa gəlincə, hesab edirəm ki, həm beynəlxalq təşkilatlar, həm də regional iştirakçılar Minsk prosesinə öz töhfələrini verməlidirlər. Rumıniya iki ölkə arasında danışıqların davam etdirilməsi üçün müsbət iqlimin təmin olunmasına yardım etmək niyyətindədir.
Rumıniya bilavasitə olmasa da, ATƏT-in bir üzvü kimi, bölgədəki genişlənən perspektiv maraqlarına əsaslanaraq, Praqa prosesinin inkişafını diqqətlə izləyir. Münaqişə mürəkkəbdir və onun həlli də sadə olmayacaq. Biz beynəlxalq təşkilatların ekspertləri ilə birgə milli azlıqların hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş təcrübə ilə bölüşməyə hazırıq.

- Siz Avropa və Avroatlantika qurumlarına inteqrasiya məsələsində Rumıniyanın Azərbaycanana yardım göstərməyə hazır olduğunu bildirmişdiniz. Rumın tərəfi bu istiqamətdə hansı konkret köməyi göstərə bilər?

- Biz Azərbaycanın Avropa və Avroatlantika qurumlarına daxil olmaq cəhdini dəstəkləyirik və vurğulayırıq ki, onun yeri - Avroatlantika dəyərlər birliyindədir. Bizim Azərbaycana köməyimiz AB və NATO-ya daxil olarkən ona təcrübəmizin verilməsindən ibarət ola bilər. Yardımın konkret kontekstini Azərbaycanın hökümət orqanlarından öyrənmək lazımdır. Məhz onlar bizim hansı sahələrdə fayda verə biləcəyimizə qərar verməlidirlər.

- Qara dəniz bölgəsindəki dövlətlərin əməkdaşlığının inkişafı üzrə gələcək planlarınız hansılardır? Sizin təşəbbüsünüzlə 2006-cı ilin iyun ayında Buxarestdə keçirilən Qara dəniz dialoq və tərəfdaşlıq forumu iştirakçılarının siyasi bəyannaməsinin müddəalarının reallaşdırılması üçün hansı konkret addımların atılması nəzərdə tutulub?

- AB-nin gələcək üzvü kimi Rumıniya bu qurumun maraqlarını Qara dəniz bölgəsində daxildən stimullaşdırmaq niyyətindədir. Əvvəl qeyd etdiyim kimi, Rumıniyanın Qara dəniz bölgəsində strategiyasının başlıca məqsədləri həmin bölgənin Avropa və Avroatlantika məkanı ilə əlaqəsi və məsələnin bu cür yeni qoyuluşu zamanı bütün sahilyanı ölkələrin səmərəli əməkdaşlığının gücləndirilməsindən ibarətdir.
Qısamüddətli perspektivdə Qara dəniz dialoq və tərəfdaşlıq forumunun himayəsi altında həyata keçiriləcək layihələr - sonradan AB və BMT-nin oxşar layihələri, eləcə də İqtisadi əməkdaşlıq və və inkişaf təşkilatı da daxil olmaqla, bölgənin Avropa və dünya miqyasında rəqabət qabiliyyətinə aid layihə ilə əlaqədar ola biləcək mədəniyyətlər və sivilizasiyalararası dialoq üzrə böhranların nizamlanması üçün institusional və subregional layihələrdir. Bu, yalnız Rumıniya tərəfdən bəzi təşəbbüslərdir, biz həmçinin bölgənin başqa ölkələrini də onlara qoşulmağa dəvət edirik.

Xəbər lenti

Xəbər lenti