Osloda qeyri-hökumət təşkilatları üçün üçgünlük seminar keçirilib. Seminar Norveç hökumətinin dəstəyi ilə "Publish What You Pay" beynəlxalq qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunub.
İctimai Maliyyələr Monitorinqi Mərkəzinin başçısı İnqilab Əhmədovun Trend ə verdiyi məlumata görə, seminarın işində 50-dən çox ölkənin qeyri-hökumət təşkilatları iştirak ediblər.
Görüşdə əsas məqsəd Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) üzrə üçüncü beynəlxalq konfrans ərəfəsində EITI-nin tətbiq edildiyi və ya təşəbbüsə qoşulmaqda olan, neft-qaz və digər mineral ehtiyatlara malik ölkələrin QHT-lərini toplamaqdır.
Üçgünlük seminar çərçivəsində EITI-nin tətbiq edildiyi ölkələrdə vətəndaş cəmiyyətinin ümumi mövqeyi işlənib hazırlanıb. Təbdirdə QHT-lər 2003-cü ildən sonra, şəffaflıq təşəbbüsünün tətbiqinə başlanandan bəri görülmüş işlər barədə məlumatlandırılıblar.
Azərbaycan təcrübəsi İ. Əhmədov tərəfindən təqdim olunub. O, ötən 4 il ərzində əldə olunmuş nailiyyətlərdən, eləcə də çətinliklərdən danışıb. Seminarın yekunu olaraq EITI-nin cələcək taleyi ilə bağlı QHT-lərin ümumi mövqeyi işlənib hazırlanıb və vətəndaş cəmiyyətindən EITI idarə heyətinə daxil olmaq variantları nəzərdən keçirilib.
"Səylərimizə və əldə edilən təcrübəyə baxmayaraq, Azərbaycan bu siyahıya düşməyib. İmtinaya əsas səbəb o olub ki, Azərbaycanda EİTİ uğurla həyata keçirilir və hazırda proses öz axarı ilə gedir. Bununla bağlı ölkənin təbliğata ehtiyacı yoxdur, idarə heyətinə isə elə ölkələrin QHT-ləri daxil olmalıdır ki, onlar keçid prosesində olsunlar. Amma Azərbaycan dövlət timsalında idarə heyətinin üzvü olub", - İ. Əhmədov bildirib.
Vətəndaş cəmiyyətindən EİTİ idarəyə heyətinə postsovet məkanı ölkələrindən Qazaxıstanın, Qırğızıstanın QHT-ləri daxil olub. Qalanları isə Afrika ölkələrindən və beynəlxalq QHT-lər olub.
Tədbirin digər bir müzakirə mövzusu EITI katibliyinin yerləşəcəyi daimi yer məsələsi olub. Əvvəllər təşəbbüs Londondan - təşəbbüsün vətənindən idarə olunub. Diskussiyalar katibliyin yerləşə biləcəyi əsas iddiaçılar - Oslo və Bonn ətrafında gedib. Almaniya səfiri katibliyin Bonnda yerləşdirilməsini tövsiyə edib. Belə ki, bu şəhər Avropanın mərkəzində yerləşir və ucuzluğu və dayanıqlı infrastrukturu ilə fərqlənir. Oslo isə bahalı şəhərdir və mərkəzi kommunikasiya əlaqələrindən uzaqdadır. Bununla belə, çoxları belə razılığa gəliblər ki, siyasi nöqteyi nəzərindən EİTİ katibliyinin Almaniyada yerləşdirilməsi son zamanlar onun Rusiya və Türkmənistan ilə münasibətlərinə görə qeyri-etik olar. Belə ki, EİTİ şəffaflıq təşəbbüsünü təbliğ edir. Son qərarı EİTİ idarə heyəti verəcək.
Tədbirdə çıxış edən Dünya Bankının prezidenti Pol Vulfovits ölkələrdə koorupsiya və yoxsulluqla bağlı vəziyyəti xarakterizə edərək qeyd edib ki, bu problemlər artıq sistemləşdirilib. O, mümkün qədər çox ölkənin EİTİ-yə qoşulamağa çağırıb.