...

Bakı Metropoliteninin "Bakı Soveti" stansiyasında "ekstremal şəraitdə təhlükəsizlik və xilasetmə" təlimi keçirilib

Siyasət Materials 21 Oktyabr 2006 13:12 (UTC +04:00)

Oktyabrın 20-dən 21-nə keçən gecə Bakı metropoliteninin "Bakı Soveti" stansiyasında ekstremal şəraitdə təhlükəsizlik və xilasetmə təlimi keçirliib. Trend "İTV"-yə istinadən xəbər verir ki, təlimdə Azərbaycanın Fövqəladə, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə hazırladığı taktiki təlim metropolitendə iş və vətəndaşların gediş-gəlişi başa çatdıqdan sonra - gecə saat 02.00-da baş tutub.

Əvvəlcədən nəzərdə tutulan plana əsasən "Sahil" stansiyasından "Bakı Soveti" stansiyasına doğru hərəkət edən qatarın ikinci vaqonunda şərti partlayış baş verib. Hadisə yerinə ilk olaraq metropoliten işçiləri gəlib. Bir neçə dəqiqədən sonra partlayış baş vermiş vaqonun şərti zərərçəkmiş sərnişinləri tunellərlə "Bakı Soveti" stansiyasının plaformasına çıxarılıb.

Təlim planına uyğun olaraq FHN-nin baş dövlət yanğın təhlükəsizlik xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Partlayış nəticəsində 500 nəfər şərti yaralının və onlarla insanın həlak olduğu bildirilib. Təcili Tibbi Yardım maşınları şərti yaralıları və cəsədləri xəstəxanalara daşıyıb.

Təlimləri fövqəladə hallar naziri Kəmaləddin Heydərovla daxili işlər naziri Ramil Usubov da müşahidə edib. Hər ik inazir təlimin nəticəsindən razı qalıb. Onun sözlərinə görə, belə təlimlər fövqəladə hallarda xilasetmə ilə məşğul olan işçilərin peşəkarlığının artmasına xidmət edir. "Təlim yaxşı nəticə verdi. Polis əməkdaşlşarı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə hadisənin aradan qaldırılmasında iştirak etdi və öz üzərinə düşən bütün işləri lazımınca yerinə yetirdi" - deyə Ramil Usubov bildirib.

Kəmaləddin Heydərov da öz növbəsində bildirib ki, təqribən 1 saat ərzində hadisənin aradan qaldırılması üçün bütün tədbirlər görülüb. Onun sözlərinə görə, belə təlimlərin keçirilməsi işçilərin daha çevik və səmərəli fəaliyyətinə şərait yaradır. "İlk dəfədir ki, Fövqəladə Hallar Nazirliyi qüvvələrinin DİN, Səhiyyə Nazirliyi və Bakı Metropoliteninin əməkdaşları ilə birgə təlim-məşqləri keçiriilirdi. Mənə elə gəlir ki, həm vaxt baxımından, həm də keyfiyyət baxımından yaxşı hazırlanmış təlimdir" - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti