Bu gün Bakıda Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi "Beynəlxalq sığorta şirkəti"nin yeni "Xidmət şöbəsi" açılıb. Trend xəbər verir ki, Azərbaycanın sığorta bazarında ən böyük nizamnamə kapitalına malik olan şirkət öz fəaliyyətini genişləndirmək üçün Xətai rayonunda yeni "Xidmət şöbəsi" açıb.
"Xidmət şöbəsi"nin işi nəqliyyat, tibbi, həyat sığortası və digər sığorta növlərini təqdim etməkdən ibarətdir.
Beynəlxalq sığorta şirkətinin dinamik inkişafı, onun strukturunun təkmilləşdirilməsi və daha da güclənməsi, eləcə də müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması bu şirkətin Azərbaycanın sığorta şirkətində layiqli yer tutmasına səbəb olub və şirkət bundan sonra da müştərilərə yeni xidmətlər təqdim etməyi planlaşdırır.
Açılış mərasimində "Beynəlxalq sığorta şirkəti"nin idarə heyətinin sədri Fariz Abbasov, şirkətin idarə heyəti sədrinin müavinləri Feyruz Novruzov və İlham Ağayev, Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sədr müavini Əsgər Məmmədov, ABB idarə heyətinin üzvü Qubad Hüseynov iştirak edib.
İdarə heyətinin sədr müavini Feyruz Novruzovun açılışda bildirdiyi kimi, bu, "Beynəlxalq sığorta şirkəti"nin artıq ikinci xidmət şöbəsidir. "Birinci şöbə 2006-cı il fevralın 27-də açılıb və biz yeni şöbəni Bakının Xətai rayonunda açmaq qərarına gəldik. Lazım gələrsə, biz Bakının digər rayonlarında, eləcə də Azərbaycanın digər rayonlarında yeni şöbə və filiallar açmağı planlaşdırırıq. Hələ bu şöbələrdə nəqliyyat vasitələri sığortalanır, lakin digər sığorta növlərinin də həyata keçirilməsi planlaşdırılır", - deyə o bildirib.
Onun sözlərinə görə, hazırda şirkət yeni sığorta paketi hazırlayır, yalnız bəzi texniki işləri tamamlamaq lazımdır. "Tariflər dəyişdiriləcək. Yeni layihə "Maksimal təminat, minimal qiymət" devizi altında keçiriləcək və biz ümid edirik ki, bu layihə müştərilərin xoşuna gələcək", - deyə o bildirib.