Son vaxtlar Ermənistan-Azərbaycan təmas xəttində vəziyyət nisbətən sabitdir. Trend "Novosti-Armeniya" agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Yerevanda jurnalistlərə "Cənubi Qafqaz: bölgənin dərk edilməsi və çağırışlar" adlı beynəlxalq konfrans iştirakçıları üçün qəbulda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik məlumat verib.
Onun sözlərinə görə, vəziyyətinin kəskinləşməsinin qarşısını almaq, eləcə də vəziyyətin yaxşılaşdırılması üçün Azərbaycan və Ermənistanın müdafiə nazirləri atəşkəs rejimi ilə bağlı təfərrüatlar haqqında danışmaq imkanı əldə etməlidirlər. "Mənim bu məsələ üzrə fikrim hər iki ölkə hökümətinin fikri ilə üst-üstə düşür", - deyə o bildirib.
ATƏT nümayəndəsi bildirib ki, Ermənistan və Azərbaycan arasında atəşkəs rejimi hər iki tərəfin siyasi iradəsinə əsaslanır və həmçinin qüvvələrin müəyyən tarazlığı ilə əlaqədardır.
"Mənim monitorinqlərim atəşkəs rejiminin möhkəmlənməsinə yardım edir və hər zaman müvafiq idarə və komandirlərin tam dəstək və yardımını alır", - deyə o vurğulayıb və əlavə edib ki, "bu, atəşkəs rejiminin saxlanma arzusunun əlamətidir".