Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə nazirləri şurasının növbəti toplantısı noyabrın 23-də Brest (Belarus) şəhərində keçiriləcək. Bu barədə Trend MDB İcra komitəsinə istinadən xəbər verir.
Toplantı MDB iştirakçı-dövlətləri Müdafiə nazirdəri şurasının sədri, Rusiyanın müdafiə naziri Sergey İvanovun rəhbərliyi altında keçiriləcək.
Toplantının gündəliyinə - Hərbi qulluqçuların (vətəndaş, hərbi xidmətdən kənar edilmiş) və onların ailə üzvlərinin, MDB iştirakçı-dövlətləri silahlı qüvvələrində xidmət edənlərin və işçilərin, öz vətənlərinin müdafiəsində bilavasitə iştirak edənlərin və onlara bərabərləşdirilmiş şəxslərin yardım və reabilitasiyasının Model konsepsiyasının və MDB iştirakçı -dövlətləri silahlı qüvvələrində xidmət edənlər və işçilərin, hərbi qulluqçular və onların ailə üzvlərinin mənəvi tərbiyəsi məqsədilə MDB iştirakçı -dövlətləri silahlı qüvvələrinin hərbi idarəetmə orqanlarının dini birliklərlə qarşılıqlı əlaqəsinin Model konsepsiyasının təsdiqi daxildir.
Həmçinin Birlik dövlətlərinin silahlı qüvvələrinin birləşmiş (birgə) rabitə sistemi, sülhməramlı fəaliyyəti, MDB iştirakçı-dövlətlərinin HHM birləşmiş sistemi üzrə məsələlərin müzakirə edilməsi, 2006-cı ildə MDB iştirakçı-dövlətləri Müdafiə nazirləri şurasının işçi orqanlarının fəaliyyətinin yekunlaşdırılması, eləcə də MDB iştirakçı-dövlətləri Müdafiə nazirləri şurasının 2007-ci il üçün iş planının müzakirə edilməsi planlaşdırılır.
MDB iştirakçı-dövlətləri Hərbi-texniki komitəsinin "MDB iştirakçı-dövlətlərinin hərbi-texniki əməkdaşlığı: problemlər və perspektivlər" mövzusunda toplantısının "dəyirmi masa" formasında keçirilməsi planlaşdırılıb.