...

Azərbaycanda "Parlamentlər məişət zorakılığı ilə mübarizədə birdirlər" kampaniyası başlayıb

Siyasət Materials 24 Noyabr 2006 17:23 (UTC +04:00)
Azərbaycanda "Parlamentlər məişət zorakılığı ilə mübarizədə birdirlər" kampaniyası başlayıb

Bu gün Avropa Şurası Parlament assambleyasının (AŞPA) keçirdiyi ailə, qadın və uşaq hüquqlarının müdafiəsi üzrə ümumavropa kampaniyası başlayıb. Milli Məclisin deputatı Elmira Axundovanın Trend ə verdiyi xəbərə görə, kampaniya "Parlamentlər məişət zorakılığı ilə mübarizədə birdirlər" adlanır və 2 il davam edəcək.

Bu illər parlament dinləmələri, ictimaiyyətlə görüşlər, müvafiq qanun və dövlət proqramları üzərində iş aparılacaq, insan hüquqlarının müdafiəsinə görə məsuliyyət daşıyan polis və digər dövlət qulluqçuları üçün treninqlər keçiriləcək.

E.Axundova hesab edir ki, Azərbaycanda kişilərin qadınlara münasibəti kəskin şəkildə pisləşib. O, AR prezidenti yanında Əfv komissiyasının üzvü kimi bilir ki, ölkədə, xüsusilə də kənd yerlərində ailədə qadınların döyülməsi, zorlanması hallarının sayı artıb, lakin onlar bu barədə hüquq mühafizə orqanlarına məlumat vermirlər. "Əvvəllər, sovet dövründə ərlər qorxurdular ki, onların arvadları onlara qarşı edilən zorakılıqla bağlı partiya komitələrinə, komsomola müraciət edəcək və onlar buna görə cəzalanacaqlar. İndi, təəssüf ki, zorakı- ərlər heç kimdən qorxmurlar".

E.Axundova qızların zorla ərə verilməsi məqsədilə oğurlanmasına görə cəza hissəsində Cinayət Məcəlləsinin sərtləşdirilməsinin tərəfdarıdır. O, cəmiyyətin diqqətini bir məsələyə yönəltmək istəyir ki, kənd məktəblərində böyük siniflərdə qızların sayı azdır, bu isə onların vaxtından əvvəl ərə getməsindən xəbər verir. E.Axundovanın fikrincə, gender bərabərsizliyinin aradan qaldırılması üçün cəmiyyətdə qadın hüquqlarının müdafiəsinin təbliğatını gücləndirmək lazımdır.

Xəbər lenti

Xəbər lenti