...

Baytarlıq xidmətinin başçısı: Azərbaycanda quş qripi yoxdur

Siyasət Materials 27 Noyabr 2006 17:35 (UTC +04:00)

Azərbaycanda "quş qripi"nin qarşısını almaq üçün sonuncu monitorinq üzrə keçirilmiş laborator araşdırmalar bu xəstəliyin əlamətlərini aşkar etməyib. Trend xəbər verir ki, bu barədə bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında dövlət baytarlıq xidmətinin başçısı İsmayıl Həsənov məlumat verib.

Onun sözlərinə görə, bölgələrdə virus aşkar edildiyi halda təcili tədbirlərin görülməsi üçün lazımi şərait yaradılıb, dezinfeksiya edən maddələr, laboratoriya üçün avadanlıqlar alınıb. Baytarlıq məntəqələri həmçinin xüsusi geyim və çiləyən qurğularla təchiz olunub.

Monitorinq milli parklarda, qoruqlarda, Xəzərin sahil zolağında keçirilib. Bundan sonra köçəri quşların köçməsi ilə əlaqədar, monitorinqlər ayda iki dəfə xüsusi komissiya tərəfindən keçiriləcək. Komissiyanın tərkibinə baytarlıq xidmətinin, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə Nazirliklərinin, Ovçular cəmiyyəti və Azərbaycan Milli elmlər akademiyası Zoologiya institutunun nümayəndələri daxildir.

Əvvəlki monitorinqlər həmçinin Azərbaycan ərazisində bu xəstəliyin əlamətlərini və ya bunun nəticəsində quşların ölüm hallarını aşkar etməyib.

Virusun ölkəyə daxil olmasının qarşısını almaq üçün ölkənin bütün sərhəd baytarlıq məntəqələri gücləndirilmiş rejimdə işləyirlər, ölkədə vəhşi quşların ovuna, satışına və istifadə edilməsinə və virusla yoluxma hallarının qeydə alındığı ölkələrdən quş məhsullarının ölkəyə gətirilməsi və onlardan istifadəyə qoyulan qadağalar qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti