...

Nazir: Səudiyyə Ərəbistanı və Azərbaycan arasında mədəni əməkdaşlığı siyasi və iqtisadi əlaqələr səviyyəsinə qaldırmaq lazımdır

Siyasət Materials 12 Dekabr 2006 17:29 (UTC +04:00)
Nazir: Səudiyyə Ərəbistanı və Azərbaycan arasında mədəni əməkdaşlığı siyasi və iqtisadi əlaqələr səviyyəsinə qaldırmaq lazımdır

Səudiyyə Ərəbistanı və Azərbaycan arasında mədəni əməkdaşlığı siyasi və iqtisadi əlaqələr səviyyəsinə qaldırmaq lazımdır. Trend xəbər verir ki, bu barədə rəsmi səfərlə Azərbaycana gəlmiş Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri İyad Mədəni dekabrın 12-də Bakıda Azərbaycanın mədəniyyət və turizm naziri ilə görüşdə bildirib.

O qeyd edib ki, bu gün Azərbaycan və Krallıq arasında bir çox sahələrdə sıx əlaqələr mövcuddur. Onun sözlərinə görə, buna iki ölkənin dini birliyi və iki dövlət başçısının dostluq münasibətləri köməklik göstərir.

Azərbaycanın mədəniyyət və turizm naziri əminliklə bildirib ki, Səudiyyə Ərəbistanının nümayəndə heyətinin səfəri iki ölkənin mədəni əlaqələrinin inkişafına yardım edəcək.

Görüşdə tərəflər tarixi və mədəniyyət abidələrinin qorunması, dini turizm sahəsində əlaqələrin genişləndirilməsi, mədəniyyət günlərinin təşkili və keçirilməsi sahəsində əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Səfər zamanı naziri 7 nəfərdən ibarət nümayəndə heyəti müşayiət edir. Səfər mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin dəvəti ilə həyata keçirilir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı səfər proqramına əsasən nümayəndə heyəti Azərbaycan tərəfi ilə bir sıra görüşlər keçirəcək, o cümlədən nazir Əbülfəz Qarayev, Azərbaycan Dövlət Televiziyası və "Azərtac" agentliyinin başçıları ilə görüşlər planlaşdırılıb.

Mədəniyyət proqramına Şirvanşahlar Sarayında, Qız qalasında, Xalçaçılıq muzeyində, Milli kitabxanada, Rəssamlar ittifaqının 65 illik yubileyinə həsr olunmuş, S.Bəhlulzadə adına sərgi salonunda keçirilən sərgilərdə, Azərbaycan Dövlət Filarmoniyasında və Opera və Balet Teatrında olmaq daxildir.

Azərbaycanın mədəniyyəti və tarixi ilə tanış olmaq məqsədilə onların ölkə bölgələrinə səfər edəcəyi gözlənilir. Səudiyyə Ərəbistanının nümayəndə heyətinin səfəri dekabrın 17-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti