...

Liberal Partiyasının bir qrup narazı üzvü partiyadan istefa verib

Siyasət Materials 14 Dekabr 2006 16:04 (UTC +04:00)

Azərbaycan Liberal Partiyasının bir qrup üzvü partiyadan istefa verib. Trend in məlumatına görə, istefa verən şəxslər dekabrın 14-də mətbuat konfransı keçirərək bu barədə özləri açıqlma veriblər.

Partiya üzvlərinin sözlərinə görə, onları bu addımı atmağa sövq edən partiyanın yürütdüyü siyasi xətt olub. Keçmiş "liberalçılar" bundan sonra fəaliyyətlərini Müasir Müsavat Partiyasında davam etdirəcəklərini bildiriblər. İstefa verənlər həmçinin özlərinin yazılı bəyanatlarında bildiriblər ki, Liberal Partiyasının lideri Lalə Şövkətin rəhbərliyi altında yürüdülən siyasi xətt həmişə ölkədə siyasi gərginliyin artmasına, sabitliyin pozulmasına gətirib çıxarıb: "Partiyada olan ab-hava, neçə illərdir verilən boş vədlər, partiyanın Azərbaycan dövlətindən çox xarici təşkilatara "stavka" etməsi bizim istefa qərarımıza təkan verib. Lalə Şövkətin sədrlikdən istefa verməsi və Əvəz Temirxanın onu əvəzləməsi partiyadaxili narazılıqları daha da artırıb. Əvəz Temirxanın əndazəni aşan hərəkətləri təşkilatda anormal atmosfer yaradıb"-deyə bəyanat müəllifləri qeyd ediblər".

Məsələ ilə bağlı Trend ə münasibətini bildirən Əvəz Temirxan isə qeyd edib ki, yayılmış bəyanatda adları göstərilən 14 nəfərdən yalnız birinin adı ona tanışdır. Qalan 13 nəfəri isə o, tanımır: "Şahkərəm Mikayılovdan başqa qalanlarının bizim partiyaya aidiyyatı yoxdur. Bu, dezinformasiya da ola bilər. Partiyamızın üzvü olmayanların partiya və onun rəhbəri haqqında bəyanat verməsi onu göstərir ki, bu şəxslərin problemi siyasi fəaliyyətlə bağlı deyil. Kim bizdən çıxıb Müasir Müsavat Partiyasına gedirsə, mən buna yalnız sevinirəm ki, partiyamızda təbii təmizlənmə gedir. Necə deyərlər, su axır, çuxurunu tapır"-deyə Ə.Temirxan vurğulayıb. O, partiyanın lideri Lalə Şövkət haqqında ittihamlara münasibət bildirərkən deyib ki, belə fikirlər Müasir Müsavat Partiyasının uydurmalar yaydığını və onun mənəvi cəhətdən qüsurlarını göstərir.

Xəbər lenti

Xəbər lenti