...

2006-cı il bütövlükdə Azərbaycan üçün çox dolğun və kifayət qədər uğurlu olub – "Trend"in XİN başçısı ilə müsahibəsi

Siyasət Materials 22 Dekabr 2006 15:49 (UTC +04:00)
2006-cı il bütövlükdə Azərbaycan üçün çox dolğun və kifayət qədər uğurlu olub – "Trend"in XİN başçısı ilə müsahibəsi

Trend in Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ötməkdə olan ilin yekunlarına həsr olunmuş eksklüziv müsahibəsi

- Siz 2006-cı ildə Azərbaycanın xarici siyasi uğurlarını necə qiymətləndirirsiniz və 2007-ci il üçün hansı planlar var?

- 2006-cı il bütövlükdə çox dolğun və kifayət qədər uğurlu olub. Bu, bizim diplomatik fəaliyyətimizin həm çoxtərəfli, həm də ikitərəfli tərkib hissələrində əks olunub. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi çox intensiv gedib, bu isə, əlbəttə, xarici siyasi fəaliyyətin üstünlüyüdür.
2007-ci ildə biz Nazirliyin fəaliyyətini daha da çox intensivləşdirmək niyyətindəyik və bu işdə əhəmiyyətli rolu yeni açılan səfirliklər oynamalıdır.

- 2007-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində tərəqqiyə nail olmaq imkanı haqqında hansı fikirdəsiniz? Siz bu prosesdə vasitəçilərin fəaliyyətini necə qiymətləndirirsiniz, yeni nizamlanma mexanizmlərindən istifadə olunması üçün kəskin zərurət yaranıbmı?

- Mən 2007-ci ildə tərəqqiyə ümid etməkdə davam edirəm. Buna bölgədə və bütövlükdə dünyada vəziyyətin inkişaf etməsi təkan verir. Lakin biz erməni tərəfdən "sürpriz"lərə öyrəşmişik. Əgər 2007-ci ilin Ermənistanda seçki ili olduğunu nəzərə alsaq, o zaman bu, həmçinin "amil" qismində göstərilə bilər. Lakin mən ümid edirəm ki, erməni rəhbərliyi düzgün qərar qəbul edəcək və siyasi iradə nümayiş etdirəcək.
Danışıqların formatına gəlincə, hələ onun dəyişdirilməsinə heç bir zərurət yoxdur, belə ki, ATƏT Minsk qrupunun vasitəçiləri 2006-cı ildə "Praqa prosesi" çərçivəsində və buna qədər səy göstərərək böyük işlər görüblər və mən ümid edirəm ki, onların səyləri hədər getməyəcək.

- Dekabrın 6-na planlaşdırılmış BMT-də "dondurulmuş münaqişələr"ə dair yeni qətnamənin müzakirələri təxirə salınıb. Bununla bağlı hansı işlər görülür və bu məsələ nə vaxt yenə də Baş Assambleyanın gündəliyinə daxil edilə bilər?

- GUAM "uzanmış münaqişələr" barədə BMT-nin üzvlərinə düzgün və tam məlumatın çatdırılması üzrə fəal işlər görür. Bir çox dövlətlər bu münaqişələrin mahiyyəti və statusu haqqında tam informasiyaya malik ola bilmirlər və məsələni müzakirəyə çıxarmazdan əvvəl onlarla sıx şəkildə işləmək və onları məlumatlandırmaq lazımdır. Məlum olduğu kimi, dekabrın 4-də Brüsseldə GUAM XİNŞ-in toplantısında biz bu məsələni müzakirə etdik və bu qətnamənin Baş Assambleyada qəbul olunmasının təmin olunmasına yönəldilmiş səyləri fəallaşdırmaq qərarına gəldik.
Məsələnin müzakirəyə çıxarılmasının zaman çərçivələrinə gəlincə, o zaman BMT Baş Assambleyasının iş prosedurunun qaydalarına əsasən, bu, gələn ilin sentyabrına qədər istənilən vaxt baş verə bilər.

- 2006-cı il Azərbaycanda "Rusiya İli" kimi qeyd olunub. Sizin fikrinizcə, o, iki ölkə arasında münasibətlərin inkişafında əlamətdar oldumu? Bu, Rusiyada Azərbaycan vətəndaşlarının statusunun möhkəmlənməsinə yardım edəcəkmi?

- "Rusiya İli" ondan əvvəlki "Azərbaycan İli" kimi Azərbaycan-Rusiya münasibətlərinin sonrakı inkişafına böyük köməklik göstərib. İki ölkənin vətəndaşları incəsənət və mədəniyyət sahəsində son nailiyyətlərlə yaxından tanış olmaq imkanı əldə ediblər. İqtisadi münasibətlər nəzərə çarpacaq dərəcədə möhkəmlənib, əmtəə dövriyyəsi artıb. Və bütövlükdə, Rusiya və Azərbaycan illərinin yekunları ikitərəfli münasibətlərin müstəsna genişliyini və onların çox sıx xarakterini göstərir.
Rusiyada Azərbaycan vətəndaşlarının statusuna gəlincə, biz əminik ki, bu məsələ yalnız hüquqi sahədə həll olunmalıdır və bu işdə bizim Moskvadakı səfirliyimiz Rusiyanın müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq edir.

- Havyer Solana Trend ə verdiyi müsahibəsində bildirib ki, "AB Azərbaycanla müstəqillik əldə etdiyi vaxtdan əməkdaşlıq edib. Lakin biz hesab edirik ki, strateji əməkdaşlığa keçməyin vaxtı çatıb". Siz Azərbaycan və AB arasında münasibətlərin inkişafında bu irəli çəkilmənin reallaşdırılmasını necə görürsünüz?

- Azərbaycan və AB arasında strateji münasibətlərin inkişafı Avropa Birliyi və Azərbaycanın energetika sahəsində Strateji Tərəfdaşlıq üzrə Qarşılıqlı Anlaşma haqqında Memorandumu imzalaması ilə yeni təkan əldə edib. Biz, əlbəttə, hesab edirik və ümid edirik ki, AB ilə strateji qarşılıqlı münasibətlər digər sahələrdə də inkişaf edəcək. Bu yaxınlarda qəbul olunmuş Avropa Tərəfdaşlığının Fəaliyyət Planı, öz növbəsində, hər şeyi əhatə edən sənəddir ki, strateji münasibətlərin daha da hərtərəfli inkişafı üçün çərçivə olmağa qadirdir.

- Azərbaycanın xarici siyasətinin uğurla reallaşdırılması üçün GUAM-ın mükəmməl beynəlxalq təşkilata çevrilməsi nə dərəcədə mühümdür? MDB-nin yenilənməsində Azərbaycanın mövqeyi nədən ibarətdir?

- Qeyd etmək lazımdır ki, GUAM artıq mükəmməl beynəlxalq təşkilata çevrilmə prosesindədir. O, BMT-nin nəzdində qeydə alınıb, bir çox beynəlxalq təşkilatlarla çox fəal əməkdaşlıq edir və əlaqəli fəaliyyətlə məşğul olur. GUAM-ın institutlaşdırılmasının özü Azərbaycanın xarici siyasətinin uğurudur və təbii ki, GUAM, beynəlxalq təşkilat kimi, Azərbaycanın öz maraqlarını beynəlxalq arenada daha effektiv irəli çəkməsinə köməklik göstərəcək.
MDB-nin yeniləşməsinə gəldikdə, məlum olduğu kimi, MDB-nin bu yaxınlarda keçirilən sammitində 1 iyun 2007-ci il tarixinədək MDB-nin effektivliyinin yüksəldilməsi üzrə təkliflərin hazırlanması üçün xarici işlər nazirlərinin müavinləri səviyyəsində və MDB-nin müxtəlif orqanlarının və ekspertlərin iştirakı ilə dövlətlərarası işçi qrupunun yaradılması haqqında qərar qəbul olunub. Azərbaycan tərəfi həmin qrupun işində iştirak edəcək.

- Bir sıra MDB ölkələri NATO ilə təşkilata tezliklə daxil olmaq məqsədilə intensiv dialoqa keçib. Rəsmi Bakı bu məsələyə necə yanaşır və Azərbaycanın NATO ilə dialoqu intensivləşdirmək niyyəti varmı?

- Azərbaycan dəfələrlə özünün Avropaya inteqrasiya siyasəti barədə bildirib və bu planda NATO ilə qarşılıqlı münasibətlər uğurla inkişaf edir. Lakin Azərbaycan qarşılıqlı münasibətlərin rəsmi çərçivələrindən daha çox praktiki əməkdaşlığa üstünlük verir. Azərbaycan Fərdi Tərəfdaşlığın Fəaliyyət Proqramını (IPAP) NATO ilə uğurla implementasiya edir və bu mexanizmin hazırda daha effektiv olduğunu hesab edir. Yeri gəlmişkən, Azərbaycan artıq IPAP-ın reallaşdırılmasının ikinci mərhələsindədir.

- Ötən il həmçinin Qərb və İran, eləcə də Rusiya və Gürcüstan arasında münasibətlərin gərgin olması ilə yadda qalıb. Qonşu ölkələrdə yaranan gərginliyi nəzərə alaraq, Azərbaycan hansı xarisi siyasət kursunu təqib etməlidir?

- Soyuqqanlı və Azərbaycanın milli maraqlarına tam cavab verən siyasəti. Azərbaycan üçün ən arzuolunmaz məsələ öz sərhədlərində gərginlik ocaqlarının olduğunu görməkdir və ona görə də o, ölkələr arasında məsələlərin diplomatik həlli yollarını hər cür vasitə ilə dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti