...

Azərbaycan XİN: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması bölgədə davamlı inkişaf və sabitlik üçün zəmin yaradacaq

Siyasət Materials 17 Yanvar 2007 13:41 (UTC +04:00)

Bakı-Tbilisi-Qars dəmir yolunun tikinti layihəsinin reallaşdırılması bölgədə davamlı inkişaf, sabitlik və rifahın yüksəldilməsi üçün zəmin yaradacaq. Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bu günlərdə Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə hökümətləri arasında dəmir yolunun tikinti layihəsinin reallaşdırılması haqqında əldə olunmuş sazişə dair məlumatında qeyd olunub.

Məlumatda qeyd olunub ki, sazişlərin həyata keçirilməsi Cənubi Qafqaz, eləcə də bütövlükdə Avrasiya regionunda davamlı inkişaf və təhləkəsizliyin təminatına yönəlmiş regional nəqliyyat şəbəkəsinin inkişaf etdirilməsinə, bölgədəki dövlətlərin sosial-iqtisadi inkişafının sürətlənməsinə, eləcə də ölkələrin regional və qlobal səviyyədə əməkdaşlığının genişlənməsinə böyük töhfə verəcək.

Xarici siyasi idarənin məlumatında qeyd olunub ki, Azərbaycanın xarici siyasətin növbəti uğurlu addımı olan bu layihənin həyata keçirilməsi yük və sərnişinlərin birbaşa olaraq Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılması ilə yanaşı, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin artmasına, Xəzər hövzəsi regionunun Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, region dövlətlərinin müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə xidmət edəcək, Azərbaycanın və bölgədəki dövlətlərin xarici iqtisadi əlaqələrinin səmərəliliyini daha da artıracaq.

Xəbər lenti

Xəbər lenti