...

Azərbaycan prezidenti xəbərdarlıq edib ki, İrana qarşı hərbi əməliyyat bütün bölgə üçün fəlakət olardı

Siyasət Materials 29 Yanvar 2007 17:16 (UTC +04:00)
Azərbaycan prezidenti xəbərdarlıq edib ki, İrana qarşı hərbi əməliyyat bütün bölgə üçün fəlakət olardı

İrana qarşı hərbi əməliyyat "bütün bölgə üçün fəlakət olardı". Bu barədə bu gün Fransaya dövlət səfəri başlayan Azərbaycan prezidenti İlham Əliyev "Fiqaro" qəzetinə verdiyi müsahibəsində bildirib.

Onun fikrincə, "çoxlu böhranları olan bölgədə hərbi münaqişə təhlükəsini minimuma endirmək lazımdır". "Bizi hərbi əməliyyatın istənilən ehtimalı narahat edir. Bu, bütün bölgə üçün böyük səhv və fəlakət olardı", - deyə Azərbaycanın lideri vurğulayıb.

Azərbaycan ABŞ-ın İrana hücum etdiyi halda təyyarələrin öz ərazisinin üzərindən uçmasına imkan verib-verməməsi haqqında suala cavab verən Əliyev bəyan edib ki, Bakı "qonşularla münasibətləri poza biləcək heç nə etməyəcək". "Bizim təxminən 30 milyon azərbaycanlının yaşadığı İranla çox yaxşı münasibətlərimiz var", - deyə o vurğulayıb.

Azərbaycan prezidenti eyni zamanda Tehrana qarşı beynəlxalq sanksiyaların təsir qüvvəsinə şübhə ilə yanaşdığını bildirib. "BMT-nin Təhlükəsizlik Şurası düzgün hesab etdiyi kimi qərar vermək hüququna malikdir, lakin bu sanksiyaların effektiv olacağını düşünmürəm. Çox vaxt belə tədbirlərin müsbət yox, mənfi nəticələri olur", - deyə o qeyd edib. Bu barədə İTAR-TASS xəbər verir.

Xəbər lenti

Xəbər lenti