...

Azərbaycanla Fransa arasında 9 sənəd imzalanıb

Siyasət Materials 30 Yanvar 2007 19:30 (UTC +04:00)

Fransada rəsmi dövlət səfərində olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fransanın baş naziri Dominik de Vilpenlə görüşüb. Bu barədə Trend "Lider" televiziyasına istinadən xəbər verir. Azərbaycanın dövlət başçısı ölkədə həyata keçirilən demokratik və iqtisadi islahatlar, böyük enerji layihələri haqqında məlumat verib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində də mühüm rol oynadığını vurğulayıb.

Fransanın baş naziri ölkəsinin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini, bu münasibətlərin daha da möhkəmlənməsində maraqlı olduğunu qeyd edib. Onun sözlərinə görə, əlaqələrin inkişafı üçün böyük potensial var və bundan hər iki tərəf lazımi şəkildə istifadə etməlidir.

Danışıqlar başa çatdıqdan sonra Azərbaycanla Fransa arasında müxtəlif sahələri əhatə edən 9 sənəd imzalanıb. Bunlar arasında mülki müdafiə və təhlükəsizlik, turizm sahəsində əməkdaşlıq, eləcə də Fransadan 9 təyyarənin alınmasına dair, eyni zamanda iqtisadi inkişaf nazirlikləri arasında əməkdaşlıq haqqında sənədlər var.

Sonra Azərbaycan prezidenti bir neçə fransız şirkətinin rəhbərləri ilə görüşüb, əməkdaşlıq məsələlərini müzakirə edib.

Bir neçə dəqiqədən sonra Azərbaycan prezidentinin Fransa Milli Assambleyasının sədri ilə görüşəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti