Azərbaycanın yerləşdiyi regionun inkişafı müasir təyyarələrlə təchiz olunmuş mülki aviasiyanın uzunmüddətli inkişafına gətirib çıxarır. Trend in məlumatına əsasən, bu barədə bu gün Bakıda "Boinq" şirkətinin icraçı vitse-prezidenti, prezidenti və "Boinq - Mülki təyyarələr" şöbəsinin direktoru Skott Karson bəyan edib.
"Son illər ərzində Azərbaycan sürətlə inkişaf edir. Bu regionda hiss olunan inkişaf burada ən müasir təyyarələrlə təchiz olunmuş aviaşirkətin yaradılmasına gətirb çıxarıb. Əminik ki, bu əməkdaşlıq davam etdiriləcək", deyə o, bildirib.
"Boinq" şirkətinin təmsilçisinin sözlərinə görə, hazırda beynəlxalq səviyyədə Boeing 787 Dreamliner təyyarələrini əldə etmək məqsədilə 35 şirkətlə müqavilələr imzalanıb. AZAL-la yanaşı bu aviaşirkətlərə Asiya, Yaxın Şərq, Afrika, Avropa, Sakit okean regionu və Amerika şirkətləri də daxildir. Azərbaycanın əldə etdiyi 3 təyyarə Boeing 787 Dreamliner təyyarələrinin dünyaya satılmış sayını 456 təyyarəyə çatdırıb.
Şirkətin uğuru sağlam strategiyadan irəli gəlir və istehsal etdiyi məhsul bazar tələblərinə cavab verir. S. Karsonun sözlərinə görə, şirkəti maraqlandıran ən əsas məsələ müştərilərin arzularıdır.
AZAL dövlət konserninin baş direktoru Cahangir Zeynalovun bildirdiyinə görə, bu gün baş tutmuş tədbirdə 3 Boeing 787 Dreamliner və 2 Boeing 737-900 ER təyyarələrinin alınması ilə bağlı müqavilə imzalanıb.
"AZAL MDB-də ilk dəfə olaraq Boeing 787 Dreamliner təyyarəsini əldə edir. Birliyin digər dövlətləri analoji təyyarələri 2014, 2015, 2016-ci illərdə əldə edəcək. Birlik məkanında ilk dəfə olaraq Azərbaycanda istifadə olunacaq", deyə C. Zeynalov bildirib. Bu təyyarələr Azərbaycana 2010-cu ildə gətiriləcək.