...

GUAM milili koordinatorları Kiyevə toplaşıb

Siyasət Materials 15 Mart 2007 13:32 (UTC +04:00)

Ukrayna,Kiyev/müxbir Trend Z.Novosvitski/Kiyevdə martın 15-də GUAM milli koordintorları Şurasının iclası başlayacaq. Ukrayna paytaxtında GUAM-ın informasiya ofisindən Trend in xüsusi müxbirinə verilən məlumata əsasən, iclasda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Gürcüstan xarici işlər nazirinin birinci müavini Valeri Çiçelaşvili, Moldova Respublikasının xarici işlər nazirinin və Avropa inteqrasiyasının müavini Valeriu Ostalep və Ukrayna xarici işlər nazirinin müavini Andrey Veselovski iştirak edəcək.

İclas martın 16-da da davam etdiriləcək.

Ukrayna XİN-in məlumatına əsasən, iclasda mətbuatın iştirakı nəzərdə tutulmayıb, həmçinin iclasın yekunlarına dair mətbuat konfransının keçirilməsi də planlaşdırılımır.

Məlumat verildiyi kimi, GUAM milli koordintorları Şurasının artıq dördüncü iclasında bir neçə qrup məsələnin müzakirəsi planlaşdırılıb.

İlk növbədə, bu məsələlər GUAM Birliyinin transformasiyası əsasında yaradılan Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın institusional inkişafı və təşkilati məsələlərdən ibarətdir. İkinci qrupa beynəlxalq və regional təhlükəsizlik və sabitlik, GUAM dövlətlərinin beynəlxalq təşkilatlar, ilk öncə BMT və ATƏT çərçivəsində qarşılıqlı əlaqələri, həmçinin GUAM-ın bu beynəlxalq təşkilatlar və digər dövlətlərlə əməkdaşlığın inkişafı məsələləri daxildir.

GUAM-ın sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi məsələsinə böyük diqqət ayrılacaq. Bu məsələ ilə bağlı artıq onlarla sənaye işçi qrup və yarımqrupları fəaliyyət göstərir. Həmçinin iqtisadiyyat və ticarət, energetika, nəqliyyat, informasiya texnologiyaları, mədəniyyət, elm və təhsil, fövqəladə hallar, turizm, terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotiklərin yayılmasına qarşı mübarizə üzrə sahələrlə bağlı işçi qrup və yarımqruplar fəaliyyət göstərir.

Həmçinin GUAM-ın xarici işlər nazirləri və dövlət başçıları Şurasının (sammit) növbəti iclaslarına hazırlıq ilə əlaqədar aktual məsələlər müzakirə olunacaq. Bu iclasların bu ilin iyun ayında Azərbaycanda keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti