...

"Hərbi qulluqçuların inzibati məsuliyyəti haqqında" qanun layihəsi hazırlanıb

Siyasət Materials 19 Mart 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasında "Hərbi qulluqçuların inzibati məsuliyyəti haqqında" qanun layihəsi hazırlanıb. Bu barədə məlumat verən parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, deputat Zahid Oruc bildirib ki, adıçəkilən qanun layihəsi Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil edilib.

Z.Oruc bildirib ki, indi bu və ya digər məsələdə təqsirləndirilən hərbi qulluqçuların inzibati məsuliyyəti qanunvericiliklə deyil, daxili inzamnamə ilə tənzimlənir. "Əgər hər hansı bir hərbi qulluqçu daxili nizamnamə qaydalarını pozursa, onu məhkəmə qarşısına çıxarmadan hansısa inzibati cəzaya məhkum edirlər. Məhkəmə qərarı olmadan hərbi qulluqçu müəyyən müddətdə hərbçilərin müvəqqəti saxlanma məntəqəsində (qauptvaxt) saxlanılırlar. Bu isə vətəndaşların hüquq və azadlıqlarının qorunması prinsipinə ziddir. Yeni qanun hərbi qulluqçuların inzibati cəzasının məhkəmə vasitəsi ilə müəyyənləşdirilməsini nəzərdə tutur."

Deputatın fikrincə, "Hərbi qulluqçuların inzibati məsuliyyəti haqqında" qanun layihəsinin hazırlanması hərbi qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılmış mühüm addımdır.

Xəbər lenti

Xəbər lenti