...

Millət vəkili: "Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirib"

Siyasət Materials 27 Mart 2007 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirib. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, ona görə də qurumun aprel sessiyasında ölkəmizin öhdəliklərinin yerinə yetirilməsi məsələsi müzakirə olunan zaman Azərbaycan üçün heç bir problem yarana bilməz.

"Azərbaycan tərəfi AŞPA-nın həmməruzəçiləri ilə səmərəli şəkildə əməkdaşlıq edib, görülən işlər, öhdəliklərin yerinə yetirilməsi haqqında hesabat və lazım olan məlumatlar onlara verilib. Hesab edirəm ki, Azərbaycanın öhdəlikləri ilə bağlı hesabat pis olmamalıdır", -deyə millət vəkili əlavə edib.

A.Mirzəzadə vurğulayıb ki, Avropa Şurasına daxil olan bir sıra ölkələr var ki, onlar hələ də ölüm hökmünü ləğv etməyiblər, mətbuat üzərində senzuranın bu və ya digər forması mövcuddur, insan haqqıları üzrə Avropa Xartiyasını imzalamayıblar. Lakin Azərbaycanın belə bir problemi yoxdur: "Ölkəmiz belə məsələləri hələ Avropa Şurasına daxil olmamışdan əvvəl yerinə yetirib. Eyni zamanda, Azərbaycan bütün öhdəlikləri yerinə yetirib."

AŞPA-nın aprel ayında Strasburqda keçiriləcək yaz sessiyasında Azərbaycanın öhdəlikləri ilə bağlı məruzə müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti