...

"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun qəbul olunub

Siyasət Materials 13 Aprel 2007 19:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin cümə günü keçirilən iclasında "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun layihəsi müzakirə olunub. Qanun layihəsi parlamentin Sosial siyasət daimi komissiyasında hazırlanıb.

Qanunun hazırlanmasında məqsəd keçmiş məhbusların cəmiyyətdən təcrid olunmasının qarşısını almaq, onların tamhüquqlu vətəndaş kimi cəmiyyətdə öz yerini tutmasına, sosial adaptasiyasına kömək etməkdir.

Qanun layihəsinin hazırlanmasında Ədliyyə, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi və Daxili İşlər nazirliklərinin mütəxəssisləri də yaxından iştirak ediblər. Qeyd olunub ki, yeni qanun ölkədə sosial adaptasiya mərkəzlərinin yaradılmasını, keçmiş məhbuslara tibbi, psixoloji, hüquqi, informasiya yardımının göstərilməsini nəzərdə tutur. Bu sənəd penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasına  xidmət edəcək, həmin şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə biləcək kriminogen faktorların qarşısını  almağa yardımçı olacaq.

Qeyd olunub ki, bu qanun penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasını, lazımi sənədlərlə təmin edilməsinə yardım göstərilməsini,  onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, təhsilinin və peşə hazırlığının təşkilini  tənzimləyəcək.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Xəbər lenti

Xəbər lenti