...

Səfir: "Azərbaycan Gürcüstan üçün nəinki sadəcə mehriban qonşu, həm də strateji müttəfiqdir"

Siyasət Materials 25 Aprel 2007 17:20 (UTC +04:00)
Səfir: "Azərbaycan Gürcüstan üçün nəinki sadəcə mehriban qonşu, həm də strateji müttəfiqdir"

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikoloz Natbiladzenin eksklüziv müsahibəsi

- İndiki mərhələdə siz Gürcüstan və Azərbaycan arasındakı əlaqələrin səviyyəsini necə xarakterizə edə bilərsiniz?

- Gürcüstanın xarici siyasətinin prioritetlərindən biri Azərbaycanla qarşılıqlı əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə bundan sonra da genişləndirilməsi və daha da dərinləşdirilməsidir.

Azərbaycan Gürcüstan üçün sadəcə mehriban qonşu deyil, eyni zamanda strateji müttəfiqdir ki, bu da "Gürcüstanın milli təhlükəsizlik konsepsiyası"nda öz əksini tapıb. Regional münaqişələrin sülh yolu ilə tənzimlənməsi; birgə həyata keçirilən iri regional energetika və nəqliyyat layihələri: Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Böyük ipək yolu"nun bərpası; Bakı-Tbilisi-Qars dəmiryol xətti layihəsi; vahid enerji təhlükəsizliyi sisteminin yaradılması və bir çox digər işlər bizim ölkələrimiz arasında milli dostluq əlaqələrini müəyyən edir.

- Azərbaycan-Gürcüstan sərhədinin delimitasiya və demarkasiya məsələsi hansı mərhələdədir? Siz bunun həllini necə görürsünüz?

- Sərhədlərin delimitasiyası 1996-cı ildən aparılır. Ümumi uzunluğu 485 km olan sərhədin təqribən 65 faizi razılaşdırılıb. Müxtəlif yanaşmaların olduğu nöqtələr, sadəcə optimal həll gözləyən məqamlar var. Bu məsələlərin həlli üçün hər iki ölkənin hökumət komissiyaları səmərəli surətdə çalışır. Son iclas Bakıda keçirilmişdi ki, burda da delimitasiya prosesində irəliləyiş qeydə alınmışdı. Növbəti iclas ilin ikinci yarısında Tbilisidə olacaq.

Biz Dövlət Sərhədlərinin delimitasiya məsələsinə xüsusi diqqət veririk və çalışırıq ki, mümkün qədər qısa zamanda əsas işlərin başa çatdırılması üçün danışıqlar prosesini sürətləndirək.

- Siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əməkdaşlığı fəallaşdırmaq üçün cari ilə hansı tədbirlər planlaşdırılır?

- Bu il Azərbaycana Gürcüstanın müxtəlif səviyyli dövlət nümayəndələrinin səfərləri nəzərdə tutulub. Yayda GUAM sammitində Gürcüstan prezident Mixail Saakaşvili iştirak edəcək.

Xarici işlər naziri və həmçinin digər nazirlik və qurumların nümayəndələrinin səfərləri planlaşdırılır.

İlin əvvəlində Gürücüstanın baş naziri, energetika, ədliyyə, və ətraf mühütin mühafizəsi nazirləri Bakıya səfər ediblər. Fevral ayınada isə Azərbaycan prezidenti İlham Əliyev Tbilisiyə səfər edib. Yay aylarında Bakıda ikitərəfli iqtisadi komissiyanın iclası keçiriləcək. Gürcüstan tərəfdən komissiyaya baş nazir rəhbərlik edəcək. Hətta bizim dini liderlərimiz arasında da yaxın dostluq münasibətləri mövcuddur.

Bu il Azərbaycanda "Gürcüstan mədəniyyəti günləri"nin keçirilməsi nəzərdə tutulur. İyun ayında "Gürcüstan - Azərbaycan dostluq evi"nin təqdimatı planlaşdırılır. Bu ictimai birliyin rəhbəri isə Gürcüstan prezidentinin anası, tarix elmləri doktoru, professor Qiuli Alasniyadır. Birliyin fəaliyyətinin məqsədi xalqlarımızın daha sıx yaxınlaşması, həm Gürcüstanın, həm də Azərbaycanın mədəni dəyərləri ilə tanışlıq, xalq diplomatiyasının geişləndirilməsidir.

Bu və digər tədbirlər bizm müxtəlif sahələrdəki əməkdaşlığımızı inkişaf etdirməyə və möhkəmləndirməyə yardım edir.

- Azərbaycan, Gürcüstan, Türkiyə artıq üç iri regional layihə - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars üzrə birgə və uğurla əməkdaşlıq edirlər. Bu üç ölkə üçün regional layihələr və əməkdaşlıq sahəsində növbəti addımlar nə ola bilər? Bu ciddi arqumentləri beynəlxalq siyasətdə daha effektiv istifadə etmək üçün ölkələr öz səylərini əsasən hansı istiqamətdə birləşdirməlidirlər?

- Son 10 il ərzində Gürcüstan, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq çərçivəsində böyük və çox zəhmət tələb edən işlər görülüb. Bunun ən bariz nümunəsi bizim birgə regional layihələrimizdir ki, bunların da bəziləri başa çatdırılıb və hazırda müəyyən iqtisdadi dividentlər gətirir. İlk növbdədə mən əsas ixrac neft kəməri Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz layihəsi Bakı-Tbilisi-Ərzurum qaz kəmərini nəzərdə tuturam.

Bu layihələrin yarandığı ilk mərhələdə bizim müxalifətçilərin bir çoxu bu layihələrin uzunömürlü, iqtisadi məqsədyönlü olacağına şübhə edirdilər. Amma bizim birgə səylərimiz bunun əksini sübut etdi. Bundan başqa, qısa tarixi zaman ərzində bizim ölkələrimiz zəngin regional əməkdaşlıq təcrübəsi toplayıb və daha mühümü enerji potensialını möhkəmləndirib. Müəyyən zəmin yaradılması energetika, nəqliyyat və digər istiqamətlər kimi prioritet sahələrdə iri həcmli layihələrin həyata keçirilməsinə ümüdlə baxmağa imkan verir.

Xüsusilə deyə bilərəm ki, biz energetika sahəsində üçtərəfli layihələrin həyata keçirilməsinə kifayət qədər yaxınıq. Söhbət bizim enerji sistemlərimizi birləşdirəcək və əlavə enerjinin yeni bazarlara çıxarılmasına imkan verəcək 500 kilovatlıq elektrik xəttinin çəkilişindən gedir. Sözsüz ki, hələ öyrənilmə və işlənilmə mərhələsində olan digər layihələr də var.

- Qaz və elektroenergetika sahəsində iki ölkə nə qədər uğurlu əməkdaşlıq edir? Gürcüstan yeni təşəbbüslərlə çıxış edirmi?

- Qaz və enerji təchizatı sahəsindəki əməkdaşlıq bizim iqtisadi əlaqələrimizdə əsas istiqamətlərdən biridir. Qaz mövzusunda danışarkən ilk növbədə Azərbaycan Respublikasının rəhbərliyinə, bilavasitə prezident Əliyevə Gürcüstan üçün böhranlı qış aylarında təbii qazın verilməsində göstərdiyi köməyə görə təşəkkür etmək istəyirəm. Ümumilikdə qaz sahəsində ölkələrimizin əməkdaşlığı bir neçə istiqamətdə inkişaf edir.

Biz Bakı-Tbilisi-Ərzurum layihəsində birgə iştirak edir, Transxəzər layihələrinə ciddi fikir veririk, həmçinin bizim qaz nəqli sistemlərimizi birləşdirən mövcud infrastrukturun inkişafı məsələlərinə də geniş yer ayırırıq.

Elektroenergetika sahəsində də bizim əməkdaşlığımız dinamik surətdə inkişaf edir. Məlum olduğu kimi, 2006-cı ildən bəri bizim elektrik şəbəkələrimiz paralel fəaliyyət göstərir, mövsümi və gündəlik olaraq enerji mübadiləsi həyata keçirilir. Başqa sözlə, biz şəbəkələrimizin vahid sistemdə birləşməsinə doğru irəliləyirik.

Yeni təşəbbüslər isə əlbəttə ki, var və hər iki tərəfin maraqları nəzərə alınmaqla birgə generasiya olunur. Məslən, İranla elektrik şəbəkələrinin paralel rejimdə fəaliyyət imkanları, nəinki mübadilə, hətta enerji idxalı-ixracı məsələlərinin mümkünlüyü də öyrənilir.

Xəbər lenti

Xəbər lenti