...

Səməd Seyidov: "Cənubi Qafqaz bölgəsi Avropa və ABŞ üçün böyük əhəmiyyət kəsb edir"

Siyasət Materials 30 Aprel 2007 14:36 (UTC +04:00)
Səməd Seyidov: "Cənubi Qafqaz bölgəsi Avropa və ABŞ üçün böyük əhəmiyyət kəsb edir"

Belçika, Brüssel / Trend , müxbir İ.Əlizadə, R.Tağıyev/ Cənubi Qafqaz bölgəsi Avropa və ABŞ üçün böyük əhəmiyyət kəsb edir və Almaniyanın "Marşal" Fondunun təşkilatçılığı ilə aprelin 27-dən 29-dək Brüsseldə keçirilən beynəlxalq forumda bu bölgənin Avroatlantik məkana inteqrasiyası məsələsi geniş müzakirə olundu. Bu barədə bazar ertəsi Brüsseldə forumun nəticələrinə dair Trend in müxbirinə verdiyi açıqlamada Azərbaycanı tədbirdə təmsil edən nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bildirib.

Onun sözlərinə görə, Qara dəniz regionunun perspektivləri, Böyük Britaniyada siyasi vəziyyət, Fransada növbəti prezident seçkiləri, Avropa və Şimali Afrika əlaqələri, Mərkəzi Asiyada sabitliyin yaranması, Cənubi Qafqazın Avroatlantik məkana daha sürətlə inteqrasiyası, alternativ enerji mənbələri, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və bir sıra digər məsələlər müzakirə edilib.

Seyidov qeyd edib ki, Brüssel forumu yüksək səviyyədə keçirilən siyasi və elmi liderlərin iştirak etdiyi illik iclas idi.

Onun fikrincə, tədbirdə müzakirə edilən məsələlər Avropa üçün və Avropa-ABŞ münasibətləri baxımından böyük əhəmiyyət kəsb edir.

"Forumda səsləndirilən fikirlərdən aydın olurudu ki, həm Avropa, həm ABŞ həyata keçirdikləri siyasətdə bir-birilə daha sıx əlaqə qurmaqda maraqlıdırlar və bu proses həyata keçirilir. Forumun keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, Avropa-ABŞ qarşılıqlı münasibətlərini inkişaf etdirərək dünyada baş verən proseslərə yeni prizmadan yanaşsınlar. Belə bir baxışın mövcudluğu çox prinsipialdır və əsaslıdır" - deyə millət vəkili əlavə edib.

Tədbirdə Avroatlantik məkanda baş verən proseslərlə yanaşı, Cənubi Qafqaz bölgəsindəki vəziyyət də ayrıca müzakirə olunub. Seyidov hesab edir ki, bu da özü özlüyündə Cənubi Qafqaz bölgəsinin dünya üçün əhəmiyyətini bir daha sübut edir: "Hamı üçün aydındır ki, ABŞ və Avropa strateji müttəfiqdirlər və qarşılıqlı münasibətləri xüsusi formada cərəyan edir. Eyni zamanda dünyada gedən proseslər bu münasibətlərdən asılıdır. Yəni Avropa-ABŞ əlaqələri dünyanın bütün qaynar, həm də ola bilsin indi heç bir proses getməyən, amma gələcəkdə əhəmiyyəti olan bölgələrə təsir göstərmək iqtidarındadır. Bu müzakirə olunan mövzularda da özünü göstərir".

Dünyada gedən bütün proseslərin Avroatlantik məkanı maraqlandırdığını və onun diqqəti altında olduğunu vurğulayan Seyidov bildirib ki, müzakirə edilən sənədlərdə ayrıca bir bəndlə Cənubi Qafqaz bölgəsinin Avroatlantik məkana inteqrasiyası məsələsinin gündəmə gətirilməsi böyük əhəmiyyət kəsb edir.

Tədbirdə Cənubi Qafqaz bölgəsinin Avroatlantik məkana inteqrasiyası, NATO-nun bu bölgəyə doğru genişlənməsi, bu təşkilatın Cənubi Qafqazda baş verən proseslərdə, o cümlədən enerji təhlükəsizliyinin təmin olunması məsələsində rolu geniş müzakirə edilib.

O bildirib ki, Azərbaycan Avroatlantik məkana inteqrasiya etməkdə, Avropanın daxilində olan strukturlarla əlaqələr yaratmağa maraqlıdır və bu forumda bunu bir daha bəyan ediblər: "Azərbaycan Avroatlantik məkanın ayrılmaz hissəsi və məkaninda geden prosesleri mənimsəyərək onun iştirakçısı olmaq niyyətindədir. Və bu proseslərin Azərbaycanda implementasiya olunmasının tərəfdarıdır. Çünki Azərbaycanın seçdiyi yol Qərb sivilizasiyasına yanaşmaq, Avropa dəyərlərini mənimsəmək, demokratik dəyərləri Azərbaycanda implementasiya etməkdən ibarətdir. Bununla yanaşı, Azərbaycan çox mürəkkəb bir geostrateji məkanda yerləşir. Bu mürəkkəblik rəsmi Bakını vadar edir ki, çox yüksək səviyyədə düşünülmüş, balanslaşdırılmış siyasət həyata keçirərək Azərbaycanı regionda aparıcı dövlətlərdən birinə çevrsin. Artıq Azərbaycan regionda bir nesə il əvvəllə müqayisədə daha da güclənib".

Xatırladaq ki, Cənubi Qafqaz bölgəsi forumda Gürcüstanın xarici işlər naziri, Ermənistan xarici işlər naziri və Azərbaycan parlamentinin xarici əlaqələr komissiyasının sədri ilə təmsil olunub.

Xəbər lenti

Xəbər lenti