...

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri: "Özünü müxalifət elan etmiş qüvvələrin birliyi absurddur"

Siyasət Materials 1 May 2007 11:54 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri: "Özünü müxalifət elan etmiş qüvvələrin birliyi absurddur"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Trend ə eksklüziv müsahibəsi

GUAM ölkələrinin müxalifət qüvvələri arasında hər hansı əməkdaşlıq barədə danışıqlar aparırsınızmı?

Azərbaycan müxalifəti GUAM birliyini dəstəkləyir. Biz hesab edirik ki, Azərbaycan öz maraqlarını GUAM-da təmin edə bilər. Ona görə də müxalifət bu prosesdə Azərbaycanın yaxından iştirakına tərəfdardır. Ancaq GUAM çərçivəsində müxalifətin birliyinin yaradılması barədə düşünməmişik. Çünki biz GUAM-da olan hökumət qüvvələrilə daha sıx əməkdaşlıq edirik, nəinki müxalifətdə olan qüvvələrlə. Heç vaxt hansısa dövlətdə müxalifətdə olduğu üçün onları özümüzə tərəfdaş seçməmişik. Əksinə, daha çox dünyagörüşü cəhətdən yaxın qüvvələri özümüzə tərəfdaş seçməliyik.

Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı Venesiya Komissiyası ilə Azərbaycan hökuməti konsensusa gələ bilsə, "Azadlıq" blokunun prezident seçkilərinə qatılması mümkün olacaqmı?

Əgər seçki komissiyaları poritet əsasda formalaşsa, "Azadlıq" bloku vahid namizədlə seçkilərə qatılacaq.

Son vaxtlar müxalifət qüvvələri arasında birliyin yaradılması ilə bağlı məsələ yenidən gündəliyə çıxarılıb. Hazırki vəziyyətdə, müxalifətin birliyi üçün Sizə ünvanlanan bütün təkliflərin müzakirəsinə hazırsınızmı?

İstənilən təklifin müzakirəsinə hazıram. Özünü demokrat hesab edən siyasətçi müzakirə aparmadan hər hansı təklifləri rədd etməməlidir. Ancaq Azərbaycanda müxalifətin birliyinin mütləq addım kimi qiymətləndirilməsi ilə razı deyiləm. Bu gün kiməsə özünü müxalifət elan etməsini qadağa etmək olmaz. Müxalifət adı üzərində monopoliya yaradıla bilməz. Digər tərəfdən, müxalifətdə olmaq o demək deyil ki, bu düşərgədə olanların hamısının mövqeyi eyni olmalıdır. Bəziləri özünü müxalifət hesab edir, ancaq faktiki olaraq əsas məsələdə hökumətlə eyni mövqedədir. Ona görə də məqsədi, platforması, dünyagörüşü yaxın olan qüvvələrin birliyindən söhbət gedə bilər. Bütün özünü müxalifət elan etmiş qüvvələrin birliyi absurddur. Azərbaycanda özünü müxalifət hesab edən elə qüvvələr var ki, seçki saxtakarlığında iştirak edir. Hökumətin mənafelərini ayrı-ayrı məqamlarda müdafiə edir. Nəyə görə biz belə qüvvələrlə mütləq birliyə nail olmağa çalışmalıyıq?

Səhv etmirəmsə, Sizin ittihamınızın əsas hədəfi Müsavat Partiyasıdır?

Mən Müsavat Partiyasını ittiham etmirəm. Müsavat Partiyası yanlış siyasət aparsa da, partıyanın sıralarında minlərlə demokrat var. Biz ümid edirik ki, bir gün Müsavat Partiyasındakı həmin qüvvələr partiya rəhbərliyinin siyasətinə daha səmərəli təsir göstərə biləcəklər. Nəticədə Müsavat hazırda tutduğu yanlış mövqedən imtina edəcək.

- "Azadlıq" bloku Açıq Cəmiyyət Partiyasının quruma üzv olması məsələsinə baxacaqmı?

Hələlik bloka Açıq Cəmiyyət Partiyasının üzvülüyü ilə bağlı müraciət daxil olmayıb. Belə bir müraciət olsa, bu məsələ müzakirəyə çıxarılacaq. Ancaq prinsip etibarilə biz ölkədə demokratiyanın bərqərar olması məsələsində Rəsul Quliyevin dəstəklədiyi partiya ilə əməkdaşlıq edəcəyik. Bu əməkdaşlığın müttəfiqlik səviyyəsinə qədər qalxması qarşılıqlı münasibətlərdən asılı olacaq.

Müxalifətin ünvanına Dağlıq Qarabağ problemi ilə bağlı birgə mitinq keçirmək iqtidarında olmaması ilə bağlı ittihamlar söylənilir. Mitinqlərdə formalaşan siyasi liderlərin ümumi problem ətrafında birləşə bilməməsinin səbəbi nədir?

Əvvəla bu ittihamla razılaşmıram. Digər tərəfdən özümü mitinqlərdə formalaşan siyasətçi kimi qəbul etmirəm. Biz Dağlıq Qarabağın taleyinə təhlükə olarsa, yenə də meydanlarda olacağıq.

Xəbər lenti

Xəbər lenti