...

Amnistiya aktı üç ay müddətində icra olunacaq

Siyasət Materials 1 May 2007 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın eks-prezidenti Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva tərəfindən təqdim olunan Amnistiya aktı Milli Məclisdə qəbul olunduqdan sonra üç ay müddətində icra olunacaq. Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının çərşənbə axşamı keçirilən iclasında komissiyanın sədri Əli Hüseynov məlumat verib.

Komissiya sədri qeyd edib ki, Azərbaycanda amnistiya aktları 1995-ci ildən tətbiq olunmağa başlayıb. Ötən dövrdə yeddi amnistiya aktı qəbul olunub, 32 əfv fərmanı verilib. Bu aktlar 77 min nəfəri əhatə edib, o cümlədən 21 325 nəfər cəzaçəkmə müəssisələrindən azad edilib.

"İlk dəfədir ki, Milli Məclisin deputatı amnistiyanın verilməsini nəzərdə tutan konkret qanun layihəsini qanunverici orqana təqdim edir. Bu çox humanist addımdır. Bu təşəbbüs həm parlamentdə, həm də ictimaiyyət arasında müsbət qiymətləndiriləcək", -deyə Hüseynov əlavə edib.

Amnistiya aktı haqqında məlumat verən komissiya sədri bildirib ki, o, 9000-ə yaxın şəxsin, o cümlədən 1500 şəxsin azadlıqdan məhrumetmə cəzasından, 7500-dək şəxsin azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzadan, 3000-ə yaxın şəxsin isə məhkəmələr tərəfindən çıxarılmış cərimə cəzasından azad edilməsini nəzərdə tutur.

Hüseynov deyib ki, amnistiya böyük ictimai təhlükəlilik törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, birinci qrup əlillər, 60 yaşına çatmış kişilər, cinayət törədərkən 18 yaşı olmayanlar, himayəsində yetkinlik yaşına çatmayan və ya birinci və ikinci qrup əlil övladları olan kişilər, suverenlik və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, 1948-53 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və ya soyqırım siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər, 1988-1993-cü illərdə Azərbaycan ərazilərinin işğalı nəticəsində məcburi köçkünlər, 20 Yanvar və Xocalı soyqırımı zamanı əlil olmuş şəxslər və bu hadisələr zamanı şəhid olmuş şəxslərin yaxın qohumları, cəzasının bitməsinə altı ay qalmış şəxslər, azadlığı məhdudlaşdırılmamış və islah işləri cəzalarının bitməsinə bir il qalmış şəxslər, ictimai işlərə və cərimə cəzalarına məhkum edilmiş şəxslər, şərti məhkum edilmiş şəxslər, cəzalarının çəkilməsi təxirə salınmış şəxslərə şamil olunacaq.

Cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, ağır və xüsusilə ağır cinayətlər törətmiş, xüsusilə təhlükəli residiv yaradan cinayət törətmiş, cinayət nəticəsində vurulmuş zərəri ödəməmiş şəxslərə isə amnistiya aktı şamil olunmayacaq.

Komissiyanın iclasında iştirak edən Ədliyyə Nazirliyinin və Respublika Prokurorluğunun nümayəndələri amnistiya aktını yüksək qiymətləndiriblər.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin baş qərərgah rəisi Musa Hümbətov qeyd edib ki, amnistiya aktı icra olunan zaman ilk öncə cəzaçəkmə müəssələrində cəza çəkən və amnistiya aktı şamil olunan şəxslər azadlığı buraxılacaqlar. O, digər dövlət orqanlarını amnistiya aktının nəzərdə tutulan müddətdə icra olunması üçün öz üzərlərinə düşən vəzifələri tez bir zamanda yerinə yetirməyə çağırıb.

Komissiyanın iclasında çıxış edən millət vəkilləri Fəzail Ağamalı, Azay Quliyev, Mübariz Qurbanlı, Rafael Cəbrayılov, Qüdrət Həsənquliyev amnistiya aktının hazırlanmasını yüksək qiymətləndiriblər.

Müzakirələrdən sonra məsələnin Milli Məclisin iclasında müzakirə olunması haqqında qərar qəbul edilib.

Amnistiya aktı mayın səkkizində parlamentdə müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti