Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ ABŞ regional layihələrin reallaşdırılması məsələsində GUAM-a dəstək verməyə hazırdır. Bu barədə ABŞ dövlət katibi Kondoliza Raysın çərşənbə axşamı Bakıda başlayan GUAM sammiti iştirakçılarına ünvanladığı müraciətdə deyilir.
Müraciətdə Birləşmiş Ştatların GUAM-la ticarət, nəqliyyat və hüquq-mühafizə sahələrində əməkdaşlıq etdiyi vurğulanır. Eyni zamanda Raysın göndərdiyi məktubda qeyd olunur ki, ABŞ bu əməkdaşlığı davam etdirməyi planlaşdırır və həmçinin regional əməkdaşlığın inkişafına töhvə vermək üçün GUAM-ın yeni katibliyini dəstəkləyir.
ABŞ dövlət katibi öz müraciətində GUAM-a sədrliyi dövründə müəyyən müvəffəqiyyətlər əldə etmiş Ukrayna hökumətinə öz minnətdarlığını bildirib. Rays həmçinin ümidvar olduğunu bildirib ki, Azərbaycanın quruma sədrliyi dövründə də bu uğurların davamı gələcək.