...

Tehranda Xəzəryanı dövlətlərin XİN başçılarının görüşü başlayıb

Siyasət Materials 20 İyun 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan xarici işlər nazirləri çərşənbə günü Tehranda bir araya gəliblər. Onlar burada Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı mübahisəli məqamları müzakirə edirlər. "İRNA"nın verdiyi xəbərə görə, İranın Siyasi və Beynəlxalq Araşdırmaları İnstitutunda keçirilən görüşü bu ölkənin XİN başçısı Manuçehr Mottaki açıb. Xəzəryanı ölkələrin XİN başçıları həmçinin dənizin bioresursları ilə bağlı problemləri müzakirə edirlər. Diplomatların qarşısında dayanan daha bir məsələ - Xəzəryanı ölkələrin dövlət başçıları sammitinə hazırlığın gedişatıdır. Nazirlər bu məsələni nəzərdən keçirməlidirlər.

Hazırda bölüşdürücü xətlərlə bağlı yalnız Rusiya, Azərbaycan və Qazaxıstan razılıq əldə ediblər. Xəzərdəki əməkdaşlıqla bağlı yekun bəyannamə layihəsi Xəzəryanı ölkələrin dövlət başçılarının ikinci sammiti üçün hazırlanır.

Tehrandakı toplantıda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. Qonşu ölkəyə səfər çərçivəsində Məmmədyarov İranın rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Bu təmaslar zamanı ikitərəfli və regional əməkdaşlıqla bağlı aktual məsələlər müzakirə olunacaq. Bu barədə Tehrandan məlumat verən Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov bildirib ki, Azərbaycan XİN başçısı İran prezidenti Mahmud Əhmədinejad, parlament sədri Qulaməli Xəddad-Adəl və İran XİN rəhbəri Manuçehr Mottaki ilə görüşməyi planlaşdırır.

Güman olunur ki, tərəflər İran prezidentinin Azərbaycana gözlənilən səfərinin hazırlığı ilə bağlı məsələləri müzakirə edəcəklər. Həmçinin Rusiyanın Qəbələ RLS-in birgə istifadəsi ilə bağlı ABŞ-a təklifinin, habelə regiondakı təhlükəsizlik məsələlərinin nəzərdən keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti