...

"Azərbaycan yolu" Hərəkatı icazəli yürüş-mitinqini təxirə saldı

Siyasət Materials 21 İyun 2007 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azərbaycan yolu" Siyasi Hərəkatı iyunun 23-ə təyin etdiyi yürüş-mitinqini təxirə saldı. Bu barədə hərəkatdan məlumat verilib.

Hərəkat Azərbaycanda qiymət artımına etiraz olaraq iyunun 23-də saat 18.00-dan 20.00-dək metrounun "Həzi Aslanov" stansiyası yaxınlığından yürüşlə başlayaraq Ukrayna meydanında mitinq keçirilməsini planlaşdırırdı. Bakı Şəhər İcra Hakimiyyəti "Azərbaycan yolu" Siyasi Hərəkatının yürüş-mitinqi ilə bağlı müraciətinə cümə axşamı müsbət cavab verib.

Lakin həmin gün iki saat əvvəl eyni marşrut üzrə jurnalistlərin də yürüş-mitinqinə razılıq verilib. "Azərbaycan yolu" Siyasi Hərəkatının koordinasiya şurası dərhal toplanaraq bu məsələni müzakirə edib və jurnalistlərin aksiyasına dəstək əlaməti olaraq, öz yürüş-mitinqini təxirə salmağa qərar verib. Hərəkat üzvləri jurnalistlərin aksityasına qoşulmağı qərara alıblar.

Xatırladaq ki, bir sıra müxalifətyönlü və müstəqil qəzetlər, jurnalist təşkilatları Azərbaycanda jurnalistlərə edilən təzyiqlərə, onların həbsinə, qəzetlərin cərimələnməsinə etiraz edirlər və bu məqsədlə piketlər, mitinqlər təşkil olunur.

Xəbər lenti

Xəbər lenti