...

AŞPA deputatları Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı bəyanatı imzalayıblar

Siyasət Materials 27 İyun 2007 12:08 (UTC +04:00)
AŞPA deputatları Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı bəyanatı imzalayıblar

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın Avropa Şurasında yaydığı "Qeyri-hökumət təşkilatlarının sivilizasiyalararası dialoqun inkişaf etdirilməsində rolu /Heydər Əliyev Fondu/" adlı bəyanatı Avropanın 60-dan artıq tanınmış və böyük nüfuza malik deputatı imzalayıb. Bu barədə AŞPA-nın yay sessiyasında iştirak edən Qənirə Paşayeva məlumat verib.

Bəyanatda deyilir ki, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun genişləndirilməsi Avropa, habelə dünya ictimaiyyətinin gündəliyində duran yüksək öncüllüyə malik məsələdir.

Bununla yanaşı həm mədəniyyət, həm də dinlərarası tolerantlıq bu dialoqun ayrılmaz tərkib hissəsidir, qeyri-hökumət təşkilatlarının həmin prosesdəki rolu həm milli, həm də beynəlxalq səviyyələrdə mühüm əhəmiyyət kəsb edir: "Əsasən müsəlman ölkəsi olan və yüksək milli dəyərlərə malik Azərbaycanın tarixən özünün etnik, dini müxtəliflik və tolerantlıq ənənələrinə görə tanındığını, Azərbaycan hökumətinin bu müxtəlifliyi inkişaf etdirmək, ksenofobiya və dini qeyri-tolerantlığın bütün formalarını rədd etmək siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən tanınaraq təqdir olduğunu nəzərə alaraq, biz - bu bəyanatı imzalayanlar bununla Heydər Əliyev Fondunun - Azərbaycanda ən böyük və nüfuzlu QHT-nin mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi sahəsindəki fəaliyyətini və təcrübəsini xüsusi vurğulayırıq".

Bəyanatda daha sonra Heydər Əliyev Fondunun mədəniyyətlər və dinlərarası dialoqa dair gördüyü işlər qeyd olunub. Bəyanatı imzalayanlar bildiriblər ki, onlar Azərbaycanda fəaliyyət göstərən Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətini yüksək səviyyədə təqdir edir və keçirilməkdə olan sivilizasiyalararası dialoqa layiqli töhfə olduğunu təsdiqləyir, daha geniş beynəlxalq səviyyədə öyrənilməyə təqdim edirlər. Bəyanata Almaniya, İrlandya, İngiltərə, Çexiya, Bolqarıstan, Rusiya, Moldova və digər ölkələrin deputatları imza atıblar.

Xəbər lenti

Xəbər lenti