...

Balakəndə keçmiş siyasi partiya fəalı polisi yaralayıb

Siyasət Materials 30 İyun 2007 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının (ADP) Balakən rayon təşkilatının sədri Nizami Quliyev rayonun bir nəfər polis əməkdaşı ilə münaqişə zəmnində ona tüfəngdən atəş açıb. Bu barədə ADP-nin Balakən rayon təşkilatının Məclis sədri Məhəmməd Məmmədov məlumat verib.

Məmmədovun dediyinə görə, rayon təşkilatının sədri Quliyev partiya sıralarından çıxması barədə istefa ərizəsini Məclisə təqdim edib. Məclis sədri bu barədə partiya rəhbərliyinə məlumat verib. Sonra Quliyevin evində elektrik borcu üzündən işığı kəsilib. Quliyev elektrikin açılmasını aidiyyatlı idarədən tələb edib. Deyilənlərə görə, Quliyev idarə nümayəndələrini təhdid də edib.

Quliyevin evinə polis göndərilib, aradakı mübahisə zamanı o, evdəki ov tüfəngi ilə polisə atəş açıb. Polis güllədən xəsarət alıb.

Hadisəni ADP sədrinin müavini Həsrət Rüstəmov təsdiqləyib. Onun dediyinə görə, Quliyev artıq ADP üzvü deyil və partiya onun polisə qarşı zorakı əməlini pisləyir. Rüstəmov onu da deyib ki, Quliyev hazırda axtarışdadır.

Rüstəmovun sözlərinə görə, Quliyevi bu addımı atmağa ağır sosial vəziyyət vadar edib: "Bu, vətəndaşların elektrik problemi ilə bağlı üzləşdiyi ilk hadisə deyil. Ümumiyyətlə, vətəndaşların kommunal xərclərlə bağlı problemləri, maddi imkansızlığı bu kimi münaqişələrə gətirib çıxarır. Amma buna baxmayaraq ADP istər dövlət orqanları əməkdaşlarına, polislərə, istər hər hansı vətəndaşa qarşı zorakı hərəkətləri pisləyir. Hesab edirik ki, keçmiş ADP-çi yanlış hərəkət edib" - deyə ADP sədrinin müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti