...

"Bizim Azərbaycan" bloku Qarabağ uğrunda Milli Müqavimət Hərəkatının bərpasını təklif edir

Siyasət Materials 2 İyul 2007 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bir neçə müxalifətyönlü partiyanı birləşdirən "Bizim Azərbaycan" bloku Qarabağ problemi ilə bağlı yaradılmış Milli Müqavimət Hərəkatının fəaliyyətinin bərpa edilməsi təklifini irəli sürür. Bu barədə blokun sədri Vüqar Bəyturan bazar ertəsi məlumat verib.

Bazar ertəsi blokun Sədrlər Şurasının toplantısı keçirilib, Qarabağ ətrafında yaranmış vəziyyət, bir qrup azərbaycanlı ziyalının bu günlərdə Dağlıq Qarabağ və Ermənistana etdiyi səfər müzakirə olunub. Blok ziyalıların işğal altındakı ərazilərə səfər edərək separatçı rejimin nümayəndələri ilə görüşünü pisləyib, bunu Azərbaycanın milli maraqlarına zidd addım kimi qiymətləndirib.

Sədrlər Şurası 1999-cu ildə yaradılmış və sonradan fəaliyyəti dayandırılmış Milli Müqavimət Hərəkatının yenidən bərpası üçün siyasi partiyalara müraciət ünvanlamağa qərar verib. "Bizim Azərbaycan" blokunun ictimai, siyasi xadimlərə, fəal təşkilatlara müraciətində Milli Müqavimət Hərəkatının bərpasına, bütün ictimaiyyətin Qarabağ probleminin həlli - Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda birləşməsinə çağırış ediləcək.

Milli Müqavimət Hərəkatı adlı qurumda 20-ə yaxın siyasi partiya, ictimai xadimlər, ziyalılar təmsil olunurdu.

"Bizim Azərbaycan" blokunda səkkiz müxalifətyönlü partiya birləşir.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti