...

AMİP sədri: "Məşvərət qurumunda partiyaların danışıqları effektiv nəticə vermir"

Siyasət Materials 10 İyul 2007 12:41 (UTC +04:00)
AMİP sədri: "Məşvərət qurumunda partiyaların danışıqları effektiv nəticə vermir"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bir neçə müxalifət partiyası arasında aparılan danışıqların gedişi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmovu qane etmir. Bu barədə Rüstəmov özü açıqlama verib.

AMİP, Azərbaycan Demokrat Partiyası (ADP), Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Müsavat, Tərəqqi partiyaları və politoloq Eldar Namazovun birgə təmsilçiliyi ilə müxalifətin məşvərət qurumu yaradılıb. Bu partiyalar toplanaraq müzakirələr aparır, əməkdaşlığın formalarını müzakirə edirlər.

Rüstəmov bildirib ki, bu görüşlər hələlik effektiv nəticə vermir və danışıqlar ləng aparılır: "İlk gündən bizim mövqeyimiz belə olub ki, bütün partiyalar öz şəxsi ambisiyalarını bir kənara qoyub ümummilli maraqlar naminə bir araya gəlməlidirlər. Müxtəlif mərhələlərdə belə birliklərə nail olmuşuq, ancaq sonu uğursuz şəkildə nəticələnib. İndi yenidən bir araya gələrək qarşıdakı seçkilərin demokratik keçirilməsinə nail olmaq üçün qüvvələri birləşdirməyi, bu məqsədlə Alyans yaradılmasını müzakirə edirik" - deyə AMİP sədri məlumat verib.

Onun sözlərinə görə, hazırda məşvərət xarakteri daşıyan bu birliyin əsas hədəfi əslində gələnilki prezident seçkiləridir. Rüstəmov qeyd edib ki, məşvərət qurumunun hansı xarakterli birliyə çevrilməsinə bu ilin payızında qərar veriləcək: "Artıq sentyabrda bu məsələyə nöqtə qoyulacaq".

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in lideri Etibar Məmmədovdur. AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti