...

Azərbaycanlı politoloqlar Rusiyanın Avropada adi silahlı qüvvələr haqqında Müqavilədən imtinasını şərh edirlər

Siyasət Materials 16 İyul 2007 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rusiyanın Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin icrasının dayandırılması səbəbindən bu ölkənin əl-qolunun açılması ehtimalı inandırıcı deyil. Azərbaycan politoloqu Rasim Musabəyov bu fikirdədir.

O hesab edir ki, Rusiya həmin müqavilənin icrasını dayandırmaqla ciddi şəkildə nəyisə dəyişmək imkanında deyil. Musabəyovun fikrincə, Rusiyanın hərbi çağırışında dəyişiklik baş vermədiyi üçün onun ordusunu NATO ordusu ilə müqayisə etməyə dəyməz: "Rusiyanın Sibir meşələrində paslanmış köhnə tankları öz ordusunun ixtiyarına verməsi mümkün deyil. Əgər imkanı varsa, Rusiya qoy öz ordusunu bərpa etsin. Müqavilədən imtinası isə sadəcə bir jestdir. Jest edir ki, mənimlə danışın, amma Rusiya bundan heç bir qazanc götürməyəcək"-deyə politoloq qeyd edib.

Cənubi Qafqaza gəldikdə, Musabəyov hesab edir ki, Rusiyanın Gürcüstandakı qoşunlarının çıxarlımasının qarşısını almaq mümkün deyil. Ermənistanda isə bu ölkə kvota çərçivəsində tank, top və təyyarələrini saxlayır.

"Rusiya Ermənistana təyyarələrini gətirə bilər, amma onların təlim keçməsi üçün yer yoxdur. Odur ki, mən Rusiyanın bu cəhdinin Cənubi Qafqazda ciddi dəyişiklik yaradacağını düşünmürəm" - deyə Musabəyov qeyd edib.

Hərbi ekspert Ələkbər Məmmədov isə hesab edir ki, Rusiyanın müqavilənin icrasından imtina etməsinin səbəbi öz silahlarını münaqişə ocaqlarına, separatçı, qeyri-qanuni fəaliyyət göstərən qüvvələrə ötürmək, bununla da həmin ölkələrdə öz maraqlarına nail olmaqdır: "Təsadüfi deyil ki, dünyanın müxtəlif ölkələrində separatçı qruplaşmaların istifadə etdikləri silahlar Rusiya istehsalıdır. Azərbaycan topraqları olan Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilməsində Rusiya silahlarının böyük rolu olub. Hazırda Cənubi Qafqazda etnik münaqişələr, xalqların bir-birinə qarşı torpaq iddiaları davam edir və Rusiyanın gələcək planları yenə də bundan ibarətdir ki, separatçı qüvvələri silahlandırmaqla, müharibə şəraiti yaratmaqla yenidən hegemonluğu ələ keçirsin" - deyə Məmmədov qeyd edib.

Politoloq hesab edirki, Rusiyanın bu kimi niyyətlərinə qarşı beynəlxalq səviyyədə müvafiq addımlar atıla, hətta ona sanksiyalar tətbiq edilə bilər: "Xoşbəxtlikdən dünyanı Rusiya deyil, sivil dövlətlər idarə edir. Əgər Rusiya yenidən erməni separatçılarını silahlandırsa, Azərbaycan bu məsələni beynəlxalq səviyyəyə qaldıra bilər" - deyə ekspert bildirib.

Xəbər lenti

Xəbər lenti