...

YAP rəsmisi: "Müxalifətin prezident seçkilərində iştirak etmək istəməməsi bu düşərgədə təmsil olunan partiyaların zəifliyi ilə bağlıdır"

Siyasət Materials 13 Avqust 2007 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Müxalifətin 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək istəməməsi bu düşərgədə təmsil olunan partiyaların zəifliyi ilə bağlıdır. Bu barədə bazar ertəsi Bakıda hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

"Müxalifətin nə ölkə daxilində, nə də xaricdə heç bir nüfuzu yoxdur. Ona görə də müxalifət partiyalarının prezident seçkilərini baykot etməsi proseslərə hər hansı təsir göstərə biləməz" -deyə YAP rəsmisi əlavə edib.

Müxalifət partiyaları bəyan edirlər ki, Azərbaycanın seçki qanunvericiliyi dəyişdirilməyəcəyi və seçki komissiyaları müxalifət və iqtidar nümayəndələrinin iştirakı ilə paritet əsasda formalaşdırılmayacağı təqdirdə qarşıdan gələn prezident seçkilərinə qatılmayacaqlar.

Novruzov vurğulayıb ki, müxalifət ölkədəki vəziyyəti yaxşı bilir və ona görə də seçkilərə qatılmaq istəmir: "Bütün rəy sorğuları onu göstərir ki, 2008-ci ilin seçkilərində YAP-ın namizədi olacaq hazırkı prezident İlham Əliyev böyük səs çoxluğu ilə qalib gələcək. Bu isə o deməkdir ki, prezident seçkilərində müxalifəti ağır məğlubiyyət gözləyir və onlar biabır olmamaq üçün seçkilərə qatılmaq istəmirlər".

Millət vəkili hesab edir ki, yalnız ölkə daxilində və beynəlxalq aləmdə böyük nüfuzu olan qüvvənin seçkiləri baykot etməsi prosesə təsir göstərə bilər.

Azərbaycan müxalifəti bir neçə seçkini, o cümlədən 1998-ci ildə keçirilən prezident seçkilərini baykot edib. Müxalifət həmin dövrdə də seçki qanunvericiliyinin dəyişdirilməsini, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasını tələb edirdi. Müxalifətin aparıcı birliyi olan "Azadlıq" bloku və Açıq Cəmiyyət Partiyasının ABŞ-da mühacirətdə olan lideri, sabiq spiker bir neçə gün öncə bir daha bəyan ediblər ki, 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəklər.

Azərbaycanın seçki komissiyaları hakim partiya, parlamentdə təmsil olunan partiyalar və bitərəf deputatların nümayəndələrindən formalaşdırılıb. Beynəlxalq təşkilatlar seçki komissiyalarının yenidən formalaşdırılmasını istəyirlər. Bununla bağlı Avropa təşkilatları ilə Azərbaycan hökuməti arasında danışıqlar davam edir. Növbəti prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçiriləcək.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti