...

Millət vəkili: "Milli Məclisin daxili Nizamnaməsində ciddi dəyişiklik edilməlidir"

Siyasət Materials 24 Avqust 2007 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupu hesab edir ki, Milli Məclisin daxili Nizamnaməsinin deputat fraksiyası yaradılması ilə bağlı maddəsi işləmir və bu maddədə ciddi dəyişiklik edilməlidir. Bu barədə cümə günü parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü, millət vəkili Nəsib Nəsibli məlumat verib.

"Milli Məclisin daxili Nizamnaməsinin fraksiya yaradılması ilə bağlı maddəsi işləmir və son illərdə heç kim bu hüquqdan istifadə edə bilməyib" - deyə Nəsibli bildirib.

Milli Məclisin daxili Nizamnaməsinin 43-cu maddəsinə görə, parlamentdə rəsmi fraksiya yaratmaq və qeydiyyatdan keçmək üçün 25 nəfər millət vəkilinin iştirak lazımdır. Lakin parlamentdə fraksiya yaratmaq istəyənlər bu qədər millət vəkilini bir araya gətirə bilmədiklərinə görə, Milli Məclisdə fraksiya yaratmaq mümkün olmur. Milli Məclisdə müxalifəti təmsil edən deputatlar Nizamnamənin bu maddəsində dəyişiklik edilməsini və sayın azaldılmasını tələb edirlər.

Nəsibli vurğulayıb ki, əgər qanunun hansısa maddəsi işləmirsə onu mütləq dəyişmək lazımdır: "Parlamentdə bir fraksiyada təmsil olunmaq istəyən deputatlar var. Lakin daxili Nizamnamə buna imkan vermir. Əgər qanunun hansısa maddəsi insanların hüquqlarını məhdudlaşdırırsa, onu dəyişmək vacibdir".

Millət vəkil bildirib ki, parlamentdə fraksiya yaradılması üçün nəzərdə tutulan say 4-5 nəfərə qədər azaldılmalıdır.

Parlamentdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə qeyd edib ki, Milli Məclisdə fraksiya yaratmaq üçün Nizamnaməyə dəyişiklik etməyə ehtiyac yoxdur. Fraksiya yaratmaq istəyənlər tələb olunan sayda tərəfdar toplasalar daha yaxşı olar.

Milli Məclisdən isə bildiriblər ki, daxili Nizamnamədə dəyişiklik etməyə ehtiyac yoxdur.

Xəbər lenti

Xəbər lenti