...

BQP sədri: Prezident seçkisində təkbaşına iştirak etməyə üstünlük verirəm

Siyasət Materials 24 Avqust 2007 16:46 (UTC +04:00)
BQP sədri: Prezident seçkisində təkbaşına iştirak etməyə üstünlük verirəm

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Böyük Quruluş Partiyası (BQP) gələn il keçiriləcək prezident seçkiləri ilə əlaqədar yaradılan siyasi bloklara qoşulmayacaq. Bu barədə cümə günü Trend ə partiyanın sədri Fazil Qəzənfəroğlu məlumat verib.

Gələn ilin oktyabrında Azərbaycanda prezident seçkiləri keçiriləcək.

"Blokların yaradılması seçkidə elektoratı birləşdirməyə xidmət etməyə bilər. Mən seçkidə təkbaşına, fərdi şəkildə iştiraka üstünlük verirəm və BQP siyasiləşməmiş təbəqədən dəstək almaq niyyətindədir" - deyən Qəzənfəroğlu əlavə edib ki, hər bir partiya digər partiyaların təsirindən, öhdəçiliklərindən azad olmalıdır.

BQP sədri bildirib ki, partiyanın Siyasi Şurasının avqustun 28-də keçiriləcək iclasında prezident seçkiləri və bloklaşma məsələləri ilə bağlı qərarlar çıxarılacaq.

Qəzənfəroğlu prezident seçkisində öz namizədliyini irəli sürmək fikrindədir. O, siyasi partiyaların seçkidə iştirak üçün bloklarda birləşməsinin tərəfdarı deyil. BQP sədrinin fikrincə, indiki mərhələdə blokların perspektivi yoxdur. O, hesab edir ki, bir sıra partiyalar vahid qurumlarda birləşərək xarici dairələrin, beynəlxalq təşkilatların diqqətinə özlərinə yönəltməyə çalışırlar.

Amma BQP sədri prezident seçkisinə yaxın dövrdə öz ətrafında blok yaradılmasına mane olmayacaq. Qəzənfəroğlu əlavə edib ki, həmçinin seçkidə başqa namizədi dəstəkləməsi mümkündür.

Müxalifətyönlü BQP-nin sədri Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti