...

Hesabat: Ötən ay 8 jurnalistin həbsi ilə bağlı məhkəməyə müraciət olunub

Cəmiyyət Materials 12 Sentyabr 2007 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Ötən ay kütləvi informasiya vasitələrinə, jurnalistlərə qarşı şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi adı altında 7 məhkəmə davası açılıb, 40-dan artıq məhkəmə iclası keçirilib.

Bu barədə çərşənbə günü Media Hüququ İnstitutunun (MHİ) qarayaxmaya (defamasiya) dair məhkəmə işlərilə bağlı növbəti aylıq hesabatında məlumat verilib.

Hesabata görə, ötən ay yalnız "24 saat" qəzetinə qarşı xüsusi ittiham qaydasında şikayət barışıqla başa çatıb.

"Azadlıq", "Proqnoz" və "Xural" qəzetlərinə qarşı Azərbaycan şəraitində heç bir çap mediasının ödəyə bilməyəcəyi məbləğdə ödənc tələbi irəli sürülüb. Ödənc tələblərinin məbləği 1 milyon AZN-dən artıqdır. Sənədə görə, hazırda ümümilikdə 8 jurnalistə qarşı xüsusi ittiham qaydasında şikayət məhkəmə baxışındadır. "Azadlıq", "Olaylar", "Müxalifət", "Kriminal aləm", "Mərkəz"qəzetlərinin baş redaktorlarının, "Kriminal aləm" qəzetinin təsisçisinin, habelə "Mərkəz" və "Müxalifət"qəzetlərinin müxbirlərinin həbsi istənilib.

Hesabatda vurğulanır ki, məhkəmələr demokratik cəmiyyət quruculuğunda söz azadlığının mühüm önəmini diqqətə almır, jurnalistlərlə bağlı işlərə baxarkən, Avropa Məhkəməsinin İfadə Azadlığı ilə bağlı presedent hüququnun müəyyən etdiyi arqumentlərdən, sivil toplumlarda dayanılan başqa qabaqcıl təcrübələrdən istifadə etmir. Hökuməti, siyasi fiqurları tənqid edən jurnalistlərə münasibətdə Azərbaycanın daxili qanunvericiliyinin elementar müddəalarını belə düzgün tətbiq etmir. Mediaya qarşı işlərin əksəriyyətində maddi və prosessual hüquq normaları pozulur, Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri düzgün şərh edilmir.

Avqustda jurnalistlərə qarşı qaldırılan bütün şikayətlər təmin olunub, jurnalistlərin verdiyi şikayətlərinsə hər biri rədd olunub.

"Gündəlik Azərbaycan" və "Realniy Azerbaydjan" qəzetlərinin qurucusu Eynulla Fətullayevi, "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və şöbə redaktoru Yaşar Ağazadəni 2 il 6 ay, "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlunu 4 il, yazıçı-publisist Rafiq Tağını 3 il müddətinə ən ağır cəzaya məhkum edən hökmlərdən verilən kassasiya və apellyasiya şikayətləri rədd olunub. Ali Məhkəmə "Gündəlik Azərbaycan" və "Azadlıq" qəzetlərinin üzərinə ağlasığmaz məbləğdə ödənclər qoyulmasını haqlı sayıb.

Media Hüququ İnstitutu bildirir ki, ötən ay jurnalist Fərəməz Allhverdiyev çətin cərrahiyə əməliyyatı keçirib, jurnalistin sağlıq durumu ağırdır.

Dözülməz şəraitdə saxlanılan jurnalistlər Yaşar Ağazadə və Rövşən Kəbirlinin Ədliyyə Nazirliyindən şikayətini heç bir məhkəmə icraata götürməyib. "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin qarayaxma ittihamları ilə həbs olunmuş baş redaktoru Eynulla Fətullayev avqust ayında vergidən yayınmaqla külli miqdarda gəlir əldə etməkdə günahlandırılıb.

Xəbər lenti

Xəbər lenti