...

Dövlətə xəyanətdə təqsirli bilinən "Tolışi sədo" qəzetinin baş redaktoru bir neçə xəstəlikdən əziyyət çəkir

Cəmiyyət Materials 12 Sentyabr 2007 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Dövlətə xəyanətdə təqsirli bilinən "Tolışi sədo" qəzetinin baş redaktoru bir neçə xəstəlikdən əziyyət çəkir. İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov çərşənbə günü Trend ə bildirib ki, bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanılan baş redaktor Novruzəli Məmmədovla görüşüb.

Baş redaktor görmə qabliyyətinin zəiflədiyini, gözlərinə mirvari suyu gəldiyini, təzyiqdən və prostat vəzinin xəstəliyindən əziyyət çəkdiyini deyib.

Məmmədov saxlanma şəraitindən və təcridxanada ona qarşı münasibətdən şikayətçi olmayıb.

Özünü elan olunan ittihamda günahkar bilməyən baş redaktor istintaqın ləng aparılmasından şikayətlənib.

Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun bölmə müdiri və qəzetin baş redaktoru Novruzəli Məmmədov və qəzetin məsul katibi Elman Quliyev bu il fevralın əvvəllərində həbs olunublar. Hazırda Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan şəxslər Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilirlər.

Avqustun 3-də Səbayel rayon məhkəməsi onların barəsindəki həbsi daha 3 ay uzadıb.

Xəbər lenti

Xəbər lenti