"Bəri bax" dövlət statuslu "Qaya" oldu
Azərbaycan, Bakı 21 sentyabr /müx. TrendLife , Günel Əhmədova
1959-cu ildə, hələ Rauf Babayev, Arif Hacıyev və Teymur Mirzəyevin Asəf Zeynallı adına Musiqi Texnikumunda oxuyarkən, özfəaliyyət ansamblı yaradaraq kvartet şəklində çıxış etməyi qarşılarına məqsəd qoydular. Çoxsəsli oxumaq ideyasını Azərbaycanda ilk dəfə reallaşdıran musiqiçilər Konservatoriyada bu imkanlarını böyük səhnədə reallaşdırmaq hüququ qazanıblar. "Qaya"nın inkişafında bəstəkar Rauf Hacıyevin xidmətləri danılmazdır. Rauf Babayevin məlumatına görə, R.Hacıyev "Qaya"nı ,rəhbərlik etdiyi Azərbaycan dövlət estrada orkestrinə dəvət etməklə vokal qrupunun ulduzu parlamağa başlayıb. İki il orkestrin tərkibində çalışan "Qaya"çılar daha sonra fəaliyyətlərini sərbəst şəkildə davam etdirməyə qərar veriblər. Xatırladaq ki,1961-ci ildən başlayaraq, peşəkar səhnədə çıxış edən "Qaya" vokal qrupu dövlət statusunu 1972-ci ildə alıb. Lakin məlum hadisələrdən sonra, 95-ci ildə fəaliyyətini donduran qrupun üzvlərinin əksəriyyəti ölkədən kənarda yaşayır. Rauf Babayev isə, qrupun ənənələrini yaşatmaq məqsədi ilə "Bəri bax" qrupu yaradıb. Rauf Babayev TrendLife-a, qrupla bağlı ən son məlumatları verib:
-"Bəri bax"ın fəaliyyətndə nə kimi dəyişikliklər edilib?
-Bu ayın 3-də Mədəniyyət və turizm naziri Əbulfəs Qarayev "Qaya" dövlət ansamblının fəaliyyətinin "Bəri bax"ın davam etdirməsi ilə bağlı sərəncam imzalayıb. Artıq "Bəri bax"ın uşaqları dövlət statuslu "Qaya"da təmsil olunurlar. Bunun ən ürəkaçan tərəfi bundan ibarətdir ki, "Qaya" 12 illik fasilədən sonra fəaliyyətini davam etdirəcək.
-"Bəri bax"ın fəaliyyəti necə, dayandırıldı, yoxsa yeni tərkib seçiləcək?
-Bu barədə artıq düşünmüşük. Qarşıdakı həftələrin birində seçim turuna başlanılacaq. Telekanalların birində kiçik müsabiqənin təşkili nəzərdə tutulub. 10-14 yaşlı istedadlı uşaqları bir araya gətirib ,onların arasından ən yaxşıları seçiləcək.
-Yeni qrupda neçə ifaçı fəlaiyyət göstərəcək?
-10 nəfər nəzərdə tutulub. Amma qız yaxud oğlanlardan hansının üstünlük təşkil edəcəyi seçim ərəfəsində bəlli olacaq.
-Münsiflər heyətinə kimlər daxildir?
-Mən və bir neçə musiqiçi dostum. Eyni zamanda, "Qaya"nın üzvləri olacaq. Onlar artıq püxtələşmiş ifaçıdırlar.
-"Qaya"nın repertuarını yalnız köhnə qrupun ifası təşkil edəcək, yoxsa müasir bəstələrlə qurulacaq?
-Hələlik, köhnə "Qaya"nın repertuarı üzərində çalışırıq və həmçinin, az ifa edilən klassik bəstələri repertuar üçün işləyirik. Həmin uşaqlar "Bəri bax"da da "Qaya"nın repertuarından oxuyurdular. Ad dəyişsə də, tərz dəyişməyib. Məqsədimiz hər iki qrupda "Qaya"nın ideyalarını yaşatmaqdan ibarətdir.
Yeri gəlmişkən, onu da diqqətinizə çatdırım ki, şou-proqramı ilk dəfə SSRİ məkanında meydana çıxaran məhz "Qaya" vokal qrupu olub. 1974-cü ildə biz belə bir proqram hazırlamışdıq. MDB məkanında təqdim edilən proqramı Yuli Qusman yüksək qiymətləndirmişdi.