...

DİN-in sabiq əməliyyat müvəkkili: "Bakıda mənim qrupumdan da güclü cinayətkar qrup fəaliyyət göstərir"

Cəmiyyət Materials 10 Oktyabr 2007 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Mən biləni Bakıda mənim qrupumdan da güclü cinayətkar qrup fəaliyyət göstərir. Trend in məlumatına görə, bu bəyanatla çərşənbə günü Bakı şəhər Apellyasiya Məhkəməsində Daxi İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov özünün və digərlərinin apellyasiya şikayəti üzrə keçirilən məhkəmə prosesində çıxış edib.

Çoxsaylı qətllərdə, adam oğurluqlarında ittiham olunan dəstənin başçısı Məmmədov prosesdə dövlət ittihamçısının, vəkillərin və hakimin suallarını cavablandırıb.

Məmmədov törətdiyi qətllər və adam oğurluqları ilə bağlı epizodlara bağlı sualları cavablandırarkən bildirib ki, səhhətində yaranmış problemlə bağlı olaraq istintaqda bəzi epizodlar üzrə yalan ifadə verib. Dəstə başçısı AFFA-nın vitse-prezidenti, "Qara polkovnik" Fətulla Hüseynovun qətli ilə bağlı istintaqa verdiyi ifadələri təsdiqləməyib. Məmmədovun sözlərinə görə, Hüseynovun qətlinin əmlak üstündə törədilməsi barədə istintaqa verdiyi yalan ifadələr istintaqı qane etdiyindən bu cinayətin üstündən sükutla keçib. Əslində isə bu qətli sifarişlə icra etdiyini və sifarişçinin də mərhumun ailəsinə məlum olduğunu vurğulayıb. "Məndən başqa da bunu bilənlər var. Sifarişin kimin verdiyini deməyəcəm" - deyə Məmmədov bildirib.

Dəstə başçısı xalq artisti Afaq Məlikovanın evinin qarət olunması faktından xəbərsiz olduğunu və bu cinayətin dəstənin üzvü olmuş Şirxan Abiyev tərəfindən təşkil olunduğunu deyib.

Məmmədov qeyd edib ki, Abiyevlə münasibətləri pozulandan sonra onun başına kisə keçirərək oğurlayıb: "Onunla yarım saat başqa səslə xüsusi xidmət orqanının əməkdaşı kimi söhbət etdim. O, bütün cinayətlərini - mənimlə birgə və ayrılıqda törətdiyi cinayətləri etiraf etdi. Afaq Məlikovanın evinin oğurlanması barədə də danışdı. Başından kisəni çıxarandan sonra mənimlə danışdığını bilib çox hiddətləndi".

Məmmədov Boris Eyyubov, Ruslan Ukuşov, Dilbər Novruzova, DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin şöbə rəisi Azər İsmayılov və Mehman Səmədovu şəxsən qətlə yetirdiyini və həmin şəxslərin qətlindən dəstənin digər üzvlərinin xəbərsiz olduğunu bildirib. O, bu şəxslərin qətlindən xüsusi həzz aldığını gizlətməyib: "Çingizxan deyir ki, ən gözəl həzz qisasdır. Mənə manyak deməyin. Mən öz maraqlarıma, haqlarıma görə o adamları qətlə yetirmişəm. Bu qətllərdə məqsədim qisas almaq olub".

Sabiq əməliyyat müvəkkili dəstə üzvləri kimi tanınan Əli Quliyev, polis əməkdaşı Mehman Həsənovun onun cinayətlərindən xəbərsiz olduqlarını və bu şəxslərin üzünə baxmaqdan utandığını, onların günahsız olaraq həbs olunduğunu vurğulayıb.

Dəstə üzvlərinin peşəkarlıq səviyyəsindən razı qalmayan Məmmədov hesab edir ki, ifşa olunmasını onların qeyri-peşəkarlığı ilə əlaqəlidir: ""Dəstə üzvlərinin hamısı unikal olsaydı, yəqin mən də burda olmazdım".

Proses günün ikinci yarısı digər təqsirləndirilənlərin ifadələri ilə davam edəcək.

Apellyasiya Məhkəməsində keçirilən bugünkü prosesdə dəstə başçısı Məmmmədov və təqsirləndrilən digər 22 nəfər şəxs iştirak edir.

Məhkəmənin hökmü ilə Məmmədov əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzasına məhkum edilib.

Dəstə üzvü Fərhad Məmmədbəyov (əmlakı müsadirə olunmaqla), Eldar Rəhimov (əmlakı müsadirə olunmaqla), Malik Məmmədov (əmlakı müsadirə olunmaqla), Husain Abdulvahabov, Zakir Nəsirov (əmlakı müsadirə olunmaqla), Kamil Sədrəddinov (əmlakı müsadirə olunmaqla), Musa Dabuyev, Aslanbek Çintamirov, Yagir Məmmədov ömürlük həbs cəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslər Nizami Abdullayev (əmlakı müsadirə olunmaqla), Sidek Abdulvahabov, Rövşən Ağayev 15l, Nailə Quliyeva (əmlakı müsadirə olunmaqla) 13, Ədalət Əsədullayev, Novruz Nuriyev 12, Əliqulu Quliyev, Nişad İsmayılov (əmlakı müsadirə olunmaqla) 10, Faiq Quliyev, Elçin Əliyev (əmlakı müsadirə olunmaqla) 9, Mehman Həsənov, Fariz Həmidov və Elşən Mirzəyev isə 8 il azadlıqdan məhrum edilib. Aqil Hüseynov və Azər Əliyevə 2 il şərti iş verilib.İbrahim Bağırov isə dövlətə vurduğu ziyanı ödədiyi üçün cərimə barəsindəki cinayət işinə xitam verilib

Xəbər lenti

Xəbər lenti